Ermənistan ordusunda qırğınlar baş verir - MONİTORİNQ

Ermənistan ordusunda qırğınlar baş verir - MONİTORİNQ Bəziləri çıxış yolunu özünəqəsddə, müxtəlif bədən xəsarətləri yetirməklə xidmətdən boyun qaçırmaqda görürlər
Qarabağ
15 Mart , 2016 17:06
Ermənistan ordusunda qırğınlar baş verir - MONİTORİNQ

Bakı. 15 mart. REPORT.AZ/ Mart ayı ərzində təkcə daxili çəkişmələr, intizamsızlıq, silahla davranma qaydalarının pozulması və özünəqəsd nəticəsində təkcə rəsmi açıqlamalara əsasən Ermənistan ordusunda 5 nəfər ölüb, 10 nəfərədək hərbi qulluqçu xəsarət alıb.

Ermənistan hakimiyyəti bütün üsullardan istifadə edərək ordudakı hadisə və ölüm faktlarını gizlədir. Hətta bunu hüquqi cəhətdən rəsmiləşdirməyə və zor gücünə məhkəmə qərarlarının öz xeyrinə çıxarılmasına da nail olur.

Lakin bütün bu qadağalara baxmayaraq, sosial şəbəkələrdə və açıq mənbələrdə yayılan məlumatların təhlili göstərir ki, Ermənistan ordusunda vəziyyət daha da acınacaqlıdır. Bu cür ədalətsizliyin, aclığın, səfalətin qurbanı fiziki və psixoloji cəhətdən zəif, düşdüyü mühitə uyğunlaşa bilməyən gənclər də olur. Onlar çıxış yolunu özünəqəsddə, müxtəlif bədən xəsarətləri yetirməklə xidmətdən boyun qaçırmaqda görürlər.

"Report" erməni KİV-lərinə və sosial şəbəkə istifadəçilərinə istinadən bəzi hadisələri təqdim edir:

Ermənistandan hərbi xidmətə çağırılan zabit Levon adlı taqım komandiri içki məclisində Qarabağda xidmətin dözülməzliyi mövzusunda mübahisə zamanı yerli erməniləri və kürd əsilli hərbçini təhqir etdiyi üçün kütləvi dava düşüb. Nəticədə bir neçə nəfər xəsarət alaraq tibb məntəqəsinə çatdırılıb. Levonun isə burnu sınıb və o, Xankəndindəki hərbi hospitala yerləşdirilib. Faktla bağlı Yerevandan gələn təhqiqat qrupu araşdırma aparır.

Marelyan soyadlı hərbçi tərəfindən amansızcasına döyülən Arman Rambelyan ağır vəziyyətdə tibb məntəqəsinə çatdırılıb.

İşğal olunmuş Dağlıq Qarabağdan olan erməni komandiri Xron Qulyan tərəfindən şəxsi heyət qarşısında döyülən Ermənistandan çağırılan Yerem adlı hərbi qulluqçunun da səhhətində ciddi problemlər aşkar edilib.

Albert Saakyan adlı əsgər Qarabağ erməniləri tərəfindən təhqirlər ucbatından altı yerdən damarlarını kəsməklə intihara cəhd göstərib.

Digər iki nəfər - kəşfiyyatçı Arkadi Matevosyan və əsgər Levon Akopcanyan da xidmətin ağırlığına və təhqirlərə dözməyərək xidmət yerlərini özbaşına tərk ediblər.

Daha bir fakt isə martın 14-də Noyemberyan rayonu ərazisindəki mövqelərdən birində erməni əsgərin ölümüdür. Aravot.am saytının yaydığı xəbərə görə, əsgər özünəqəsd nəticəsində dünyasını dəyişib. Amma ölüm hadisəsi çox sadə səbəbdən baş verib - yemək zamanı bir banka qablaşdırılmış əti əsgərlər və komandirlər arasında bölə bilmədikləri üçün təhqirlərdən bezən əsgər avtomat silahı ilə özünə atəş açıb.

Ermənistan ordusunda vəziyyət hətta o yerə çatıb ki, qorxudan erməni hərbçiləri tez-tez cəbhə xəttinin sağ və sol cinahlarında olan öz mövqelərini də atəşə tuturlar. Belə hadisələr zamanı ölüm və yaralanma faktları da gizlədilir.

Son xəbərlər

Orphus sistemi