Ekspert: “Əks-tədbirləri Azərbaycanın təhlükəsizlik orqanları görəcək”

Ekspert: “Əks-tədbirləri Azərbaycanın təhlükəsizlik orqanları görəcək” Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi məlumat yayaraq vətəndaşlarını Bakıda baş verə biləcək terror ehtimalı barədə xəbərdar edib.
Qarabağ
6592
25 Oktyabr , 2020 16:30
Ekspert: “Əks-tədbirləri Azərbaycanın təhlükəsizlik orqanları görəcək”

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi məlumat yayaraq vətəndaşlarına Bakıda baş verə biləcək terror ehtimalı barədə xəbərdarlıq edib.

Xəbərdarlıqda xüsusilə “Abşeron Marriott” otelindən, ümumilikdə isə əcnəbilərin kütləvi olduğu yerlərdən uzaq durmaqla terror hücumları və qaçırmalara qarşı ehtiyatlı davranmaq barədə məlumatlar yer alıb.

Hələ 10 gün əvvəl Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) ölkəmizdə gözlənilən erməni terroru ilə bağlı vətəndaşlara xəbərdarlıq edib və hamını panikaya düşmədən ayıq-sayıq olmağa çağırıb.

DTX həmçinin son dövrlərdə erməni terror təşkilatı olan ASALA-nın fəallaşdığını nəzərə alaraq, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərini və diplomatik heyəti, diaspor təmsilçilərini və ölkəmizə aid şirkətlər və onların əməkdaşlarını ayıq-sayıq olmağa çağırıb və şübhəli hallar müşahidə edildikdə yerləşdikləri ölkələrin hüquq mühafizə orqanlarına müraciət etməyi tövsiyə edib.

“Səfirliklərin xəbərdarlıqları dəqiq və konkret informasiyalara əsaslanır”

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl “Report”a açıqlamasında bildirib ki, ABŞ səfirliyinin də son xəbərdarlığı məhz erməni terroru ilə bağlı təhdidlərlə əlaqəlidir:

“Hamının yadındadır ki, sentyabrın 25-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) Bakıdakı səfilriyi əməkdaşlarına və vətəndaşlarına konkret istiqamətlər göstərməklə Bakını tərk etməmək haqqında xəbərdaredici informasiya vermişdi. Oktyabrın 27-də isə Ermənistan tərəfinin təxribatlarına cavab olaraq cəbhə bölgəsində döyüşlər başladı. Yəni ABŞ və digər Qərb ölkələrinin səfirlikləri öz vətəndaşlarına təhlükəsizlik haqqında xəbərdarlıq edəndə, kifayət qədər dəqiq və konkret informasiyalara əsaslanır və belə bir informasiya olmasa, onlar bunu yaymırlar. Belə bir informasiyanın əsaslılığına erməni terrorunun keçmişi də dəlalət edir. Bilirlər ki, keçmişdə də ermənilər kifayət qədər terror hadisələri törədiblər”.

“Əks tədbirləri Azərbaycanın təhlükəsizlik orqanları görəcək”

Ekspert bildirir ki, ABŞ səfirliyinin son xəbərdarlığında diqqəti çəkən “Abşeron Marriot” otelinin adının çəkilməsidir. Adətən belə məsələlərdə konkret yer göstərilirsə, bu, çəkindirici faktor olaraq edilir. Yəni terroru hazırlayan qüvvələrə xəbərdarlıq etmək istəyirlər ki, biz sizin işinizdən xəbərdarıq, hansı yerlərdə nə etmək istədiyinizi bilirik, əks-tədbirlər də görəcəyik. Təbii ki, bu tədbirləri səfirlik yox, Azərbaycanın öz təhlükəsizlik orqanları edəcək. Bu da o deməkdir ki, təhlükəsizlik məsələlərində bizim Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və digər təhlükəsizlik orqanları ilə ABŞ səfirliyinin təhlükəsizliyə məsul şəxsləri arasında kifayət qədər koordinasiyalı əməkdaşlılq mövcuddur.

Həmçinin Ermənistan məğlub duruma düşüb və hamı bilir ki, onlar belə vəziyyətdə mütləq terorra əl atırlar. Terror onlar üçün bir növ ideoloji-siyasi təsir, təzyiq vasitəsidir və bu təzyiqi də göstərirlər. Hesab edirəm ki, konkret ad və ünvan göstərməklə daha çox terroru hazırlayanları xəbərdar edib”.

“Təlaş və panika yaratmadan kifayət qədər ayıq-sayıq olmaq lazımdır”

İ.İsmayıl əlavə edir ki, burada terroru hazırlayanlar dedikdə Ermənistan xüsusi xidmət orqanları ilə yanaşı, həmçinin ermənilərə məxsus terror təşkilatları, terrora meylli şəxsləri də nəzərə almaq lazımdır:

“Bilıdiyimiz kimi, “Daşnaksyutun” da, “Qınçaq” da terror təşkilatları kimi yaranıb, sonradan partiyaya çevriliblər. Əgər Parisin ortasında Fransanın dövlət televiziyasını Azərbaycandan çəkilən süjetə görə ASALA ilə hədələyirsə, deməli, bizim də ehtiyat tədbirləri görməyimiz vacibdir”.

Ekspert vurğulayır ki, DTX-nin ötən həftə yaydığı xəbərdarlıqda da qeyd edildiyi kimi, xüsusi təlaş və panika yaratmadan kifayət qədər ayıq-sayıq olmaq lazımdır:

“Çünki biz mühribə şəraitində - hərbi vəziyyətdə müharibə günlərini yaşayırıq, düşmən isə terrora meyllidir. Ona görə də kütləvi yerlərdə maksimum az olmaq, ictimai nəqliyyatda hər bir şübhəli əşyaya, bağlamaya xüsusi diqqət yetirmək, belə bir halla rastlaşan zaman sürücün, daha sonra müvafiq orqanları xəbərdar etmək lazımdır”.

Şübhəli hallarla bağlı (012) 405-99-99 nömrəsinə zəng edin!

Yada salaq ki, Dövlət Təhlükəsizliyi Xidməti oktyabrın 15-də Azərbaycanda Ermənistan xüsusi xidmət orqanları tərəfindən terror aktı törədilməsi ehtimalı ilə bağlı məlumat yayıb və əhalini diqqətli olmağa çağırıb.

Məlumatda bildirilib ki, Ermənistan xüsusi xidmət orqanları cəbhədə öz ordularının silsilə məğlubiyyətlərini ört-basdır etmək məqsədilə Azərbaycan Respublikasının böyük şəhərlərində insanların sıx cəmləşdiyi yerlərdə, ictimai nəqliyyatda terror-təxribat və digər pozuculuq aktlarını həyata keçirmək, bununla da keçən əsrin 80-ci illərin sonu və 90-cı illərdə Bakıda və ölkəmizin başqa yerlərində dinc əhaliyə qarşı törətdikləri mənfur və insanlığa sığmayan qanlı terror əməllərini təkrarlamaq niyyətindədirlər. Ermənistan dövlət səviyyəsində terroru dəstəkləyən və terror əməllərini həyata keçirən dövlətdir. Hazırda Ermənistan silahlı qüvvələrinin və xüsusi xidmət orqanlarının tərkibində Yaxın Şərq ölkələrindən gətirilmiş terrorçular xidmət edir.

DTX vətəndaşları gündəlik həyat və iş ahəngini pozmadan və təşvişə qapılmadan ayıq-sayıq olmağa çağırıb. Həmçinin vətəndaşlardan yaşadıqları ərazilərdə şübhəli şəxslər, hərəkət və əşyalar barədə məlumatları (012) 405-99-99 nömrəli telefonla Dövlət Təhlükəsizliyi Xidmətinə, eləcə də yerli polis və digər hüquq mühafizə orqanlarına bildirmələrini xahiş edilib.

Eyni zamanda DTX son dövrlərdə erməni terror təşkilatı olan ASALA-nın fəallaşdığını nəzərə alaraq, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərini və diplomatik heyəti, diaspor təmsilçilərini və ölkəmizə aid şirkətlər və onların əməkdaşlarını ayıq-sayıq olmağa çağırıb və şübhəli hallar müşahidə edildikdə yerləşdikləri ölkələrin hüquq mühafizə orqanlarına müraciət etməyi tövsiyə edib.

Son xəbərlər

Orphus sistemi