Düşmən təxribatı nəticəsində Tovuza dəyən ziyanın aradan qaldırılmasına başlanılıb

Düşmən təxribatı nəticəsində Tovuza dəyən ziyanın aradan qaldırılmasına başlanılıb Prezident İlham Əliyevin “Tovuz rayonunun Ermənistan Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirl
Qarabağ
1142
22 İyul , 2020 17:55
Düşmən təxribatı nəticəsində Tovuza dəyən ziyanın aradan qaldırılmasına başlanılıb

Prezident İlham Əliyevin “Tovuz rayonunun Ermənistan silahlı qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” imzaladığı sərəncama uyğun olaraq, hazırda mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi davam etdirilir.

Dövlət başçısının sərəncamının icrası ilə bağlı Tovuz rayonunda işlərə başlanılıb və təcili tədbirlər görülür. Bu məqsədlə İşçi Qrup yaradılıb, mütəxəssislər cəlb edilib və ekspertlər dərhal Tovuz rayonuna ezam olunublar. Vəziyyətlə bilavasitə yerində tanış olmaq ucun hücuma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlaklarının, dövlət obyektlərinin vəziyyəti öyrənilir, ekspertlər tərəfindən obyektlərdə müayinə və ekspertiza işləri aparılır. Dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi təmin ediləcək. Ekspertlər tərəfindən hazırlanacaq və təqdim ediləcək qiymətləndirmə məlumatlarına əsasən, dinc əhaliyə, yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlara, infrastruktura dəymiş ziyanın aradan qaldırılması ilə bağlı hökumət tərəfindən Tədbirlər Planı hazırlanacaq. Hərbi hücum nəticəsində zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün təkliflər Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.

“Report” xatırladır ki, əsas ziyan Tovuz rayonunun 6 kəndinə - Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə dəyib.

İlkin qiymətləndirmələrə görə, dinc əhaliyə məxsus 35 evin müxtəlif dərəcədə ziyan çəkdiyi müəyyən edilib. Eyni zamanda intensiv atəş nəticəsində dövlət əmlakına da zərər dəyib – bu əsasən, kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturudur.

Milli Məclisin deputatı Aydın Mirzəzadə “Report”a açıqlamasında bildirib ki, dövlət başçısı Azərbaycan vətəndaşlarının bütün problemlərini daima diqqətdə saxlayır:

“İlk dəfə deyil ki, Azərbaycanın dinc yaşayış məntəqələrinə Ermənistanın hücumu nəticəsində insanların evləri dağıdılır və təsərrüfata böyük ziyan dəyir. Cənab Prezident əvvəlki dövrlərdə də Tərtər rayonunda yaşayış məntəqələrinin bərpası üçün müvafiq tapşırıqlar vermişdi. Prezident İlham Əliyevin imzaladığı sərəncam onu göstərir ki, Azərbaycan dövləti daima vətəndaşının yanındadır və onun problemlərinin həllində yaxından iştirak edir. Eyni zamanda bununla Ermənistana sübut olunur ki, heç bir qüvvə Azərbaycanın daxilində problem yarada bilməyəcək. Qısa bir zamanda bütün bu problemlər həll ediləcək. Ərazi bütövlüyümüzün təmin edilməsi üçün aparılan siyasətimiz uğurla davam etdirilir. Bizim iqtisadiyyatımız inkişaf edir. Eyni zamanda Ermənistana layiqli cavab veririk. Ortada olan isə cəmiyyətin hakimiyyətə yüksək etimadının mövcudluğu və vətəndaşlarımızın Azərbaycan Prezidentinin apardığı siyasəti dəstəkləməsidir və s.

“Tovuz rayonunun Ermənistan silahlı qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” sərəncam bir daha bu kimi bütün məsələlərin diqqətdə olduğunu və onların həlli üçün dövlətin bütün resurslarını ortaya qoyacağını yəqin etdi. Hazırda mülki əhaliyə və dövlət əmlakına dəymiş ziyanın aradan qaldırılması üçün bütün qüvvələr səfərbər olunub. Təbii ki, qısa zaman ərzində dəymiş zərər tezliklə aradan qaldırılacaq. Ziyan dəymiş infrastruktur və evlər bərpa olunacaq. Bununla da həyat tamamilə öz məcrasına qayıdacaq”.

Bununla yanaşı, dövlət rəhbərliyi Azərbaycanının ərazi bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır. Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində addımlar atılır. Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailəsinə ev verilib. Mehriban Əliyeva Tovuz istiqamətində şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verib. Şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğıları daim Fondun nəzarətində olacaq. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində həlak olmuş şəhid hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə müvafiq tədbirlərə başlanıb.

Milli Məclisin deputatı Cavid Osmanov “Report”a bildirib ki, vətəndaşları narahat edən məsələlərin həllinə Azərbaycan Prezidenti hər zaman həssaslıqla yanaşıb: “Ermənistanın təcüvüzü nəticəsində Tovuz rayonunun 6 yaşayış məntəqəsinə və təxminən 35-ə yaxın fərdi evə ziyan dəyib. Bununla yanaşı dövlət əmlakına, sosial obyektlərə, qaz borularına, elektrik və rabitə xətlərinə ciddi zərər dəyib. Artıq bu istiqamətdə təxirəsalınmaz tədbirlər həyata keçirilir. Qısa müddətdə dəymiş zərərin aradan qaldırılması öz həllini tapacaq. Bu, o deməkdir ki, Azərbaycan Prezidenti ilk növbədə vətəndaşın yanındadır.

Bundan əlavə, dövlət başçısı tərəfindən döyüşdə şəhid olmuş general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin ailə üzvlərinə mənzil verildi. Heydər Əliyev Fondunun rəhbəri, insanların yanında olan, Azərbaycan vətəndaşının ağrısına, acısına hər zaman şərik olan, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva hər zaman olduğu kimi bu dəfə də öz humanistliyini və xeyirxahlığını bütün dünyaya nümayiş etdirərək şəhid olmuş 12 hərbçi ilə bağlı dərhal Heydər Əliyev Fonduna tapşırıq verdi. Artıq Fondun əməkdaşları həmin şəhidlərin ailə üzvləri ilə görüşlərə başlayıb və onları narahat edən problemlərin həlli istiqamətində bütün tədbirlər həyata keçirilir. Mehriban xanım bununla bir daha nümayiş etdirdi ki, cənab Prezidentimizin ən yaxın silahdaşıdır və Azərbaycan xalqını narahat edən bütün məsələlərdə öz gücünü səfərbər edir”.

Deputat bildirib ki, koronavirus pandemiyası dövründə dünyanın ən inkişaf etmiş ölkələrində müəyyən sosial layihələr təxirə salınsa da, Azərbaycan dövləti xüsusən pandemiya dövründə sosial layihələrin coğrafiyasını daha da genişləndirib: “Buna misal olaraq, insanların məşğulluğunun artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi, sahibkarlara dövlət dəstəyi ilə bağlı tədbirləri deyə bilərik. Eyni zamanda istər cəbhəyanı ərazilərdə, istərsə də digər bölgələrimizdə infrastruktur layihələr həyata keçirilir. Bunun bariz nümunəsi olaraq, Cocuq Mərcanlının tamamilə yenidən qurulması, mənzillərin tikilməsi, bütün infrastruktur layihələrin həyata keçirilməsini göstərə bilərik. Həmçinin dövlət başçısı şəhid ailələrinə, Qarbağ əlillərinə daha çox həssaslıqla yanaşır. Bu qəbildən olan 7 600-dən çox insana fərdi mənzillərin verilməsi həyata keçirilib. Şəhid ailələrinə 11 min manat birdəfəlik yardımlar verilib və s. kimi dəstəyi göstərə bilərik”.

Milli Məclisin deputatı Elman Nəsirov isə “Report”a açıqlamasında deyib ki, ermənilər törətdikləri iyul təxribatı ilə məqsədlərinə nail ola bilmədilər: “Düşünürəm ki, bir müddət sonra Nikol Paşinyan özü daha yaxşı hiss edəcək ki, iki illik fəaliyyətində, bəlkə də, ən böyük tarixi səhvinə imza atıb. Mənə elə gəlir ki, gələcəkdə Ermənistanı çox ciddi siyasi kataklizimlər gözləyir. Bu təxribat isə həmin kataklizimlərin bir katalizatoru olacaq”.

E.Nəsirov vurğulayıb ki, vətəndaşlara dəyən ziyanın aradan qaldırılması fonunda dağıdılmış evlərin, yaşayış məntəqələrinin tam bərpa edilməsi reallaşdırılacaq: “İyulun 12-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhədin Tovuz istiqamətində hərbi təxribatı nəticəsində həm dövlət əmlakına, həm də mülki əhalinin əmlakına ziyan dəyib. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə həmin o ziyanın araşdırılması, öyrənilməsi və aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verilib. Burada hesab edirəm ki, iki məqsəd var. Birinci məqsəd odur ki, cənab Prezident son çıxışlarında ATƏT-i və Minsk Qrupunu tənqid edərkən söylədi ki, onlar Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində iki dəfə olublar. ATƏT-in faktaraşdırıcı missiyası 10 il bundan qabaq iki dəfə işğal zonasında olub, ermənilərin barbar hərəkətlərini özündə ehtiva edən çoxsaylı faktlar toplayıb və bunu ictimailəşdirib. Amma üstündən 10 il keçməsinə baxmayaraq bir dəfə də olsun gəlib faktları araşdırıb üzə çıxarmayıblar. Yəni, ermənilər bu müddət ərzində hansı qanunazidd əməllər törədiblər? Nə qədər qeyri-qanuni məskunlaşma siyasəti həyata keçiriblər? – bunlar müəyyən edilməyib.

Bu reallıq fonunda dövlətimiz Ermənistanın hərbi təxribatı nəticəsində dövlət əmlakına, mülki insanların əmlakına dəymiş ziyanın müəyyən edilməsi və bunu beynəlxalq ictimaiyyətin, beynəlxalq təşkilatların, ATƏT-in Minsk Qrupunun diqqətinə çatdırır. Bu, ATƏT-in faktaraşdırıcı missiyasının görə biləcəyi bir işdir. Amma onlardan səs-səda yoxdur və bunu Azərbaycan dövləti özü edir. Eyni zamanda Ermənistanın barbar hərəkətləri ifşa olunur.  İkinci məqsəd odur ki, dövlətimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Yəni dövlət hər zaman öz vətəndaşının yanındadır. Azərbaycan dövləti güclü dövlətdir, ona görə də dərhal vətəndaşlarımıza dəyən ziyanın aradan qaldırılması fonunda dağıdılmış evlərin, yaşayış məntəqələrinin tam bərpa edilməsi reallaşdırılacaq. Dövlətimiz bunu bir dəfə Cocuq Mərcanlıda göstərib. Cocuq Mərcanlı bu gün elə bərpa edilib ki, bunun simvolik mənası var. Yəni gələcəkdə işğaldan azad olunan torpaqlarımızda hər şey bərpa olunacaq”.

Son xəbərlər

Orphus sistemi