Dövlət Sosial Müdafiə Fondunda Xocalı soyqırımı yad edilib

Dövlət Sosial Müdafiə Fondunda Xocalı soyqırımı yad edilib Anım mərasimində Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş etdirilib
Qarabağ
25 Fevral , 2016 16:23
Dövlət Sosial Müdafiə Fondunda Xocalı soyqırımı yad edilib

Bakı. 25 fevral. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş tədbirdə soyqırımın qurbanları və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan bütün həmvətənlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Fonddun mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan sədr Elman Mehdiyev Xocalı soyqırımının Azərbaycan xalqına qarşı törədilən ən ağır cinayətlərdən biri olduğunu qeyd edib. 

Bildirilib ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri sovet ordusunun 366-cı motoatıcı hərbi alayının köməkliyi ilə Xocalı şəhərində dinc əhaliyə amansızcasına divan tutub, nəticədə 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 nəfər qoca qəddarlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir, 150 nəfər isə itkin düşüb. Bu dəhşətli hadisələr Azərbaycan tarixinə ən faciəli səhifələrdən biri kimi daxil olub. Ulu öndər Heydər Əliyev Xocalı soyqırımını bütün bəşəriyyətə qarşı tarixi bir cinayət kimi qiymətləndirib, bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş soyqırımın öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktı olduğunu qeyd edib. Məhz ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə fevralın 26-sı "Xocalı soyqırımı günü" elan edilib.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya birliyinə dinc əhaliyə qarşı Xocalı soyqırımının tanınması, o cümlədən Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən törədilmiş bir çox cinayətlər haqqında həqiqəti çatdırmaq üçün məqsədyönlü və ardıcıl fəaliyyət həyata keçirilir. Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və hadisənin dünya ictimaiyyəti tərəfindən hüquqi-siyasi və mənəvi qiymətləndirilməsinə nail olmağa yönəlmiş "Xocalıya ədalət" beynəlxalq məlumat və təşviqat kampaniyası hazırda dünyanın bir çox ölkəsində yüzlərlə könüllü tərəfindən uğurla həyata keçirilir. Görülmüş işlərin nəticəsi olaraq ayrı-ayrı ölkələr tərəfindən bu faciənin soyqırım aktı kimi tanınması barədə qətnamələr qəbul edilib.

Mərasimdə erməni millətçilərinin təcavüzü nəticəsində Xocalıda əlil olan, ailə başçısını itirən soydaşlarımızın sosial problemlərinin həlli istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər barədə də məlumat verilib.

Anım mərasimində Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi