Deputat: “Nikol Paşinyan hakimiyyətdə qalmaq üçün xalqını qırğına verir”

Deputat: “Nikol Paşinyan hakimiyyətdə qalmaq üçün xalqını qırğına verir” "Ermənistan Azərbaycanla sərhəddə və qoşunların təmas xəttində təxribatlar törətməklə sifariş yerinə yetirir"
Qarabağ
23 Sentyabr , 2020 11:14
Deputat: “Nikol Paşinyan hakimiyyətdə qalmaq üçün xalqını qırğına verir”

“Ermənistan və onun havadarları Cənubi Qafqazı yenidən müharibə meydanına,  qan çanağına çevirmək üçün Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində və Azərbaycanla sərhəddə təxribatlar törədirlər. Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən son zamanlar atəşkəs rejiminin tez-tez pozulması, postlarımızın ağır silahlardan atəşə tutulması, Azərbaycan hərbçisinin qətlə yetirilməsi bunu bir daha təsdiqləyir. Amma Ermənistan rəhbərliyi unutmasın ki, Azərbaycan 1990-cı illərin əvvəllərindəki ölkə deyil. İndi bizim ən ağır silahlara, müasir texnikaya malik, təlim meydanlarında böyük təcrübə toplamış güclü ordumuz var. Ona görə də yeni müharibə Ermənistana çox baha başa gələcək. Düşmən elə bir zərbə alacaq ki, uzun illər özünə gələ bilməyəcək”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev bildirib.

O vurğulayıb ki, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsinə baxmayaraq, rəsmi Bakı uzun illərdir münaqişənin sülh yolu ilə həll olunmasına çalışır. Ü.Quliyevin fikrincə, Azərbaycan rəhbərliyinin sülhpərvər siyasəti yalnız azərbaycanlıların deyil, regionda yaşayan bütün xalqların, ümumilikdə dünyanın xeyrinədir: “Görünür Ermənistan və havadarları Azərbaycanın sülhə sadiq olmasını düzgün başa düşməyiblər və müharibə ilə Azərbaycanın yeni ərazilərini işğal edə biləcəklərini düşünürlər. Amma 2016-cı ilin Aprel döyüşləri və bu ilin iyulunda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törədilən təxribatlar ermənilərin döyüş meydanında ağır məğlubiyyətə uğrayacağını bütün dünyaya nümayiş etdirib. Ona görə də əgər ermənilər yenidən müharibəyə başlasalar, bu düşmənin ağır məğlubiyyəti ilə nəticələnəcək”.

 Ülvi Quliyev
Ülvi Quliyev

Deputat xatırladıb ki, ermənilər həmişə Cənubi Qafqazda böyük dövlətlərin buyruqqulu olublar, dağıdıcı, pozucu fəaliyyətlə məşğul olublar: “Ermənistan Azərbaycanın tarixi torpaqlarında süni şəkildə yaradılmış dövlətdir. Bunu ermənilər də gözəl bilirlər və bu gün də unutmayıblar. Ona görə də Ermənistan hər zaman kənarda özünə havadar axtarıb. Həmin havadarlar isə ermənilərdən istədikləri kimi istifadə ediblər, istədikləri vaxt terrorçu, işğalçı kimi meydana atıblar. Ermənistan heç vaxt müstəqil olmayıb, bu gün də müstəqil deyil və havadarlarının dəstəyi olmadan yaşaya bilmir. Təbii ki, həmin havadarların öz məqsədləri var və Ermənistandan bunun üçün geniş formada istifadə edirlər. Ermənilər artıq anlamalıdırlar ki, havadarların köməyi ilə Azərbaycan torpaqlarının 20 faizini işğal edə, onu 30 il işğal altında saxlaya bilərlər. Lakin o ərazilər heç vaxt Ermənistanın, ermənilərin olmayacaq və mütləq işğaldan azad ediləcək. Ermənilər onu da yaxşı bilməlidirlər ki, havadarlara arxalanıb işğal siyasəti həyata keçirməklə yalnız indiki kimi ölkə qura bilərlər: aclıq və səfalət içində yaşayan xalq, ağır sosial-iqtisadi vəziyyət, ianələrə göz tikən və xarici ölkələrdən asılılıq, havadarların əlində oyuncağa çevrilmək. Budur Ermənistanın reallığı”.

Ü.Quliyev hesab edir ki, Ermənistanın yeni müharibəyə hazırlaşması iki amillə bağlıdır: “Birincisi, baş nazir Nikol Paşinyan xalqa verdiyi vədlərin heç birini yerinə yetirə bilmir. İşğalçı ölkənin iqtisadiyyatı tam tənəzzülə uğrayıb və sosial-iqtisadi vəziyyət getdikcə ağırlaşır. Bundan başqa, siyasi vəziyyət getdikcə gərginləşir. Müxalifət partiyaları birləşir və onlar ümumrespublika mitinqinə qərar veriblər. Bütün bunlar onu deməyə əsas verir ki, Nikol Paşinyanı ağır günlər gözləyir və yeni proses onun hakimiyyətdən getməsi ilə nəticələnəcək. O da bu məsələlərdən diqqəti yayındırmaq üçün cəbhədə təxribatlar törədir.

İkincisi, dünyanın güc mərkəzləri arasında nüfuz mübarizəsi kəskinləşib, regionda gərgin vəziyyət yaranıb. Ermənistan Azərbaycanla sərhəddə və qoşunların təmas xəttində təxribatlar törətməklə sifariş yerinə yetirir və bütün tapşırıqları icra etməyə hazır olduğunu nümayiş etdirir. Lakin onlar bu dəfə heç nəyə nail ola bilməyəcəklər. Ona görə də Nikol Paşinyan yaxşı fikirləşməli və hakimiyyətdə qalmaq naminə xalqını qırğına verməkdən çəkinməlidir”.   

Son xəbərlər

Orphus sistemi