Deputat: "Güllələnmiş heykəllərin Şuşaya qayıtarılması tarixi qələbəmizin simvoluna çevrildi"

Deputat: "Güllələnmiş heykəllərin Şuşaya qayıtarılması tarixi qələbəmizin simvoluna çevrildi" "Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yanvarın 14-də Şuşa şəhərinə səfəri tarixi və mənəvi baxımdan mühüm əhəmiyyət kəsb edir".
Qarabağ
16 Yanvar , 2021 13:59
Deputat: Güllələnmiş heykəllərin Şuşaya qayıtarılması tarixi qələbəmizin simvoluna çevrildi

"Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yanvarın 14-də Şuşa şəhərinə səfəri tarixi və mənəvi baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu səfər güllələnmiş heykəllərin Şuşaya qaytarılması, cənab Prezidentin Şuşanın tarixi və dini abidələrini ziyarət etməsi və Şuşadan verdiyi bir çox mesajlarla yadda qaldı. Erməni faşistləri tərəfindən güllələnmiş, əsir götürülmüş, sonra isə pulla alınaraq Bakıya gətirilmiş Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərinin Şuşaya qaytarılması böyük qayıdışın bir simvolu oldu. Bununla cənab Prezident dünyaya mesaj verdi ki, Azərbaycan həmişə öz tarixinə, mədəniyyətinə, dini abidələrinə, mədəniyyətinə, bəşəri dəyərlərə qiymət verən humanist bir dövlətdir".

Bunu "Report"a açıqlamasında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yanvarın 14-də Şuşa şəhərinə səfərini şərh edərkən Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O bildirib ki, Prezidentin çıxışındakı əsas məqamlardan biri mənfur düşmənin 30 ilə yaxın bir dövrdə Şuşa şəhərini özününküləşdirməyə, Azərbaycanın tarixi izlərini silməyə çalışması, amma buna nail ola bilməməsi ilə bağlı olub: "1923-cü il iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılanda da Şuşanı bu vilayətin tərkibinə salmaqla güdülən məqsəd elə bu idi ki, tədricən Şuşada Azərbaycan izi silinsin, 1969-1982-ci illərdə ümummilli lider Heydər Əliyev bu prosesin qarşısını aldı. Cənab Prezidentdin qeyd etdiyi kimi əgər o vaxt Heydər Əliyev Azərbaycanda qalsaydı növbəti 10 il ərzində Dağlıq Qarabağ Muxtar Vilayətində azərbaycanlılar əksəriyyət təşkil edəcəkdi və beləliklə, heç vaxt burada hər hansı bir münaqişə, yaxud da ki, separatizm meydana çıxa, baş qaldıra bilməzdi.

Ümummilli lider Heydər Əliyevin birinci hakimiyyəti dönəmində gördüyü tədbirlərə baxmayaraq, AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti və xəyanəti nəticəsində 1992-ci ilin may ayında Şuşa şəhəri düşmənin işğalına məruz qaldı".

T.Cəfərova qeyd etdi ki, Prezidentin Şuşa səfəri qalib Ordunun Ali Baş Komandanının səfəri kimi qiymətləndirilməlidir: "Prezident İlham Əliyev bu dəfə müzəffər Azərbaycan Ordusunun, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi Şuşaya səfər etdi. Dövlət başçısı Şuşada hərbçilər qarşısında çıxışında dedi: "Düşmənin belini qıran Ordunun Ali Baş Komandanı kimi gəlmişəm və burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq”! Ölkə başçısının bu sözləri Ermənistandakı revanşist qüvvələrə mənfur niyyətlərindən əl çəkmələri üçün verilən açıq mesajdır. Bu mesajla cənab Prezident dəmir yumruğu ermənilərə Şuşadan xatırlatdı".

Deputat deyib ki, bu səfər çərçivəsində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Molla Pənah Vaqifin məqbərəsini, Natəvan bulağını, Bülbülün ev muzeyini, Şuşa Realnı Məktəbini, eləcə də, Aşağı Gövhərağa və Yuxarı Gövhərağa, Saatlı məscidlərini ziyarət etmələri və həmçinin Qazançı kilsəsinə baş çəkmələri xüsusi qeyd olunmalıdır: "Cənab Prezidentin Molla Pənah Vaqifin məqbərəsini 39 il sonra yanvar ayının 14-də yenidən ziyarət etməsi tarixi əhəmiyyətə malikdir. Məhz 39 il əvvəl 1982-ci ildə Heydər Əliyevin təkidi və cəsarəti nəticəsində Molla Pənah Vaqifin xatirəsinə türbə ucaldılmışdi. Əlbəttə ki, o vaxt-sovet dövründə Xanın vəziri olan insanın şərəfinə məqbərə ucaltmaq qeyri-adi bir hadisə idi. Bütün bunlara baxmayaraq, Heydər Əliyev buna nail ola bilmişdi.

Dövlətimizin başçısının işğaldan azad olunduqdan sonra qədim mədəniyyət beşiyimizə getməsi, Natəvan bulağı, Bülbülün ev muzeyi ilə tanış olması, xüsusilə 30 ilə yaxın Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılmış dahi şəxsiyyətlərimizin – Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini aparması hər bir azərbaycanlının qəlbində sevinc və fərəh hissi oyatdı. "Güllələnmiş heykəllərin" aid olduğu yerə qaytarılması tarixi qələbəmizin simvoluna çevrildi. Beləliklə, cənab Prezident ata vəsiyyətini yerinə yetirməklə yanaşı, Azərbaycan tarixinin mənəvi mirasına necə inamla sahib çıxdığını göstərmiş oldu. Bu sayədə, tarixi şəxsiyyətlərimizin ruhu şaddır.

Həmçinin Prezident İlham Əliyevin müvafiq göstərişləri nəticəsində Şuşada Vaqif poeziya günləri, “Xarı Bülbül” festivalı bərpa olunacaq. Xüsusilə qeyd etməliyik ki, “Xarı Bülbül” festivalının bu il keçirilməsi nəzərdə tutulur. Beləliklə, Şuşa şəhəri yenidən öz keçmiş əzəmətli günlərinə qayıdacaq. Şuşa şəhəri hər zaman Qafqazın mədəniyyət beşiyi idi. Xatırlatmaq istərdim ki, Şuşa Azərbaycan mədəniyyətinin paytaxtı elan olunub.

Şuşada verilən mesajlardan biri erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizin vəziyyəti ilə bağlı idi və müsəlman dünyasına ünvanlanmışdı. 30 il ərzində erməni vəhşiliyinə, vandallığına məruz qalmış dini abidələrimizin hazırki vəziyyəti müsəlman ölkələrinin gözündən qaçmamalıdır. Ermənistan bir çox müsəlman ölkələri ilə yaxın münasibətlər qurmağa çalışır. Özünü sanki müsəlman xalqlarına müsbət münasibət bəsləyən bir ölkə kimi göstərməyə çalışır. Bütün bunlar hamısı erməni riyakarlığının nəticəsidir. İslam dininin müqəddəs məbədlərini vəhşicəsinə dağıdan, təhqir edən, islamafob bir anlayışla yanaşan bir ölkə ilə necə normal münasibətlər qurmaq olar? Cənab Prezidentin qeyd etdiyi kimi, bütün bunların hamısı yalandır. Əgər buna kimsə bu günə qədər inanıbsa, gəlsin Şuşaya, Ağdama, Füzuliyə, Cəbrayıla, bizim azad edilmiş digər torpaqlara, görsün ki, Ermənistan rəhbərliyi nə günə salıb müsəlman məscidlərini. Beynəlxalq təşkilatlar, aidiyyatı qurumlar, beynəlxalq ekspertlər reallığı, həqiqəti görmək və qiymətləndirmək istəyirlərsə Şuşa uzaqda deyil".

T.Cəfərova vurğulayb ki, Şuşa şəhərinin düşmən işğalından azad olunması Azərbaycanın tarixi qələbəsinin ən mühüm parçasıdır. Bu elə əvəzolunmaz bir qələbədir ki, Azərbaycan xalqının və dövlətinin gücünü, eləcə də potensialını ortaya qoyub. Əlbəttə ki, bu misilsiz qələbəni bizlərə yaşadan şəhidlərimizə bir daha Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm".

Son xəbərlər

Orphus sistemi