Deputat: “Ağdamdakı mərkəzin fəaliyyətə başlaması cəmiyyətimizdəki narahatlıqları aradan qaldırdı”

Deputat: “Ağdamdakı mərkəzin fəaliyyətə başlaması cəmiyyətimizdəki narahatlıqları aradan qaldırdı” “Türkiyə hərbçilərinin Azərbaycana gəlməsi və işğaldan azad etdiyimiz ərazilərdə xidmətə başlaması böyük tarixi və geosiyasi əhəmiyyətə malikdir".
Qarabağ
1 Fevral , 2021 11:21
Deputat: “Ağdamdakı mərkəzin fəaliyyətə başlaması cəmiyyətimizdəki narahatlıqları aradan qaldırdı”

“Türkiyə hərbçilərinin Azərbaycana gəlməsi və işğaldan azad etdiyimiz ərazilərdə xidmətə başlaması böyük tarixi və geosiyasi əhəmiyyətə malikdir. Qardaş ölkənin hərbçiləri 103 ildən sonra yenidən Azərbaycana ayaq basıblar. 1918-ci ildə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə dəstək vermək, ərazilərimizi daşnaq-bolşevik işğalından azad etmək üçün bura təşrif buyurmuşdularsa, indi qardaş ölkənin hərbçiləri 30 ildən sonra erməni işğalından azad etdiyimiz ərazilərdə sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycana gəliblər. Bu, Türkiyə və Azərbaycan arasında olan qardaşlığın, müttəfiqliyin, yüksək əməkdaşlığın əyani göstəricisidir”.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev deyib.

O vurğulayıb ki, Türkiyə hər zaman Ermənistanın işğalçılıq siyasətinə qarşı barışmaz mövqe tutub, məhz Dağlıq Qarabağ və ətraf rayonların işğalına görə Ermənistanla sərhədlərini bağlayıb, Azərbaycanın ərazi bütövlüyünə davamlı dəstək verib, bütün beynəlxalq qurumlarda ölkəmizin mövqeyini müdafiə edib: “44 günlük Vətən müharibəsi dövründə Türkiyə Azərbaycanı bir an olsun tək buraxmadı. Qardaş ölkənin istər siyasi-hərbi rəhbərliyi, istərsə də vətəndaşları bizə çox böyük siyasi və mənəvi dəstək göstərdilər. Bu dəstək torpaqlarımızın işğaldan azad olunmasında, Ermənistanın tam məğlub edilməsində və Qarabağda Qələbənin qazanılmasında böyük rol oynayıb. Bütün dünya gördü ki, Azərbaycan tək deyil”.

Ü.Quliyev bildirib ki, Türkiyə dünyanın və regionun inkişaf etmiş, güclü və nüfuzlu dövlətidir. Onun fikrincə, rəsmi Ankara erməni işğalının başa çatmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında mühüm rol oynadığı kimi, postmüharibə dövründə də regionda aparıcı rola malik olacaq: “Azərbaycanın Vətən müharibəsində qazandığı zəfər bölgədə yeni geosiyasi reallıq yaradıb. Bu reallığın şərtlərini Azərbaycan və hər zaman haqlının yanında olmaq siyasəti yürüdən Türkiyə diktə edir. Azərbaycan və Türkiyənin razılıq vermədiyi, dəstəkləmədiyi heç bir layihə həyata keçə bilməz. Bütövlükdə Azərbaycan-Türkiyə müttəfiqliyi regionda sabitlik, təhlükəsizlik və davamlı inkişafın təmin edilməsi üçün vacib əhəmiyyət daşıyır.

Ülvi Quliyev
Ülvi Quliyev

Qarabağda atəşkəsə nəzarət edəcək Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması rəsmi Bakı ilə Ankara arasında olan qardaşlıq münasibətləri və strateji əməkdaşlıq nəticəsində mümkün olub. Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da xalqa müraciətində bildirmişdi ki, qardaş Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaq. Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması bu sözlərin reallaşdırılması deməkdir. Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları bəyanata əsasən yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yanvarın 30-da fəaliyyətə başlayıb. İşğaldan azad olunmuş Ağdamda tikilən mərkəz Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin gerçəkləşməsinin daha bir əyani təzahürüdür. Birgə Monitorinq Mərkəzi münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyini artırmaq məqsədi daşıyır”.

Deputat söyləyib ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması Azərbaycanın siyasi iradəsinin növbəti təzahürü və dövlətimizin başçısının düşünülmüş, qətiyyətli və prinsipial siyasətinin məntiqi nəticəsidir.

Milli Məclisin üzvü vurğulayıb ki, müharibə başa çatsa da, Ermənistanda bəzi qüvvələr revanş hissi ilə yaşayırlar: “Təbii ki, əgər belə hal olarsa, Ermənistandakı işğalçı və faşist qüvvələr yenidən baş qaldırarlarsa, onları daha ağır məğlubiyyət gözləyir, aqibətləri İkinci Qarabağ müharibəsindəkindən daha betər olacaq. Prezident İlham Əliyev də dəfələrlə bildirib ki, dəmir yumruq yerində qalır, əgər Ermənistandakı hansısa qüvvələr revanş xülyasına düşsələr, daha ağır məğlubiyyətlə üzləşəcəklər.

Ermənistandakı həmin qüvvələr yeni hərbi təxribatlara da əl ata bilərlər. Türkiyə hərbçilərinin Qarabağda atəşkəsə nəzarət prosesinə cəlb olunması belə halların vaxtında aşkarlanmasına, obyektiv araşdırılmasına, qarşısının alınmasına və bir daha təkrarlanmamasına imkan verəcək. Əminliklə söyləyə bilərik ki, Qarabağdakı proseslərə Azərbaycanla yanaşı Türkiyə də nəzarət edəcək. Bundan başqa, Azərbaycanın qonşuları və dünyanın, regionun iki güclü dövləti olan Türkiyə və Rusiyanın atəşkəsə nəzarət, bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi məsələsində əməkdaşlıq etməsi də mühüm əhəmiyyət daşıyır. Bu da Azərbaycanın xeyrinə olan məsələdir”.

Ü.Quliyev hesab edir ki, Ağdamda fəaliyyətə başlayan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Azərbaycan cəmiyyətində olan müəyyən narahatlıqları da aradan qaldırdı: “Hər bir azərbaycanlı qardaş Türkiyə hərbçilərinin Azərbaycana gəlməsini sevinclə qarşılayıb”.

Son xəbərlər

Orphus sistemi