Dağlarda yeni tarix yazılır – KƏLBƏCƏRDƏN REPORTAJ

Dağlarda yeni tarix yazılır – KƏLBƏCƏRDƏN REPORTAJ Dağlarda yeni tarix yazılır – KƏLBƏCƏRDƏN REPORTAJ
Qarabağ
3 aprel 2025 14:07
Dağlarda yeni tarix yazılır – KƏLBƏCƏRDƏN REPORTAJ

İlk dəfə 4 il əvvəl – 2021-ci ilin yayında gəlmişdim Kəlbəcərə. Onda rayon işğaldan yenicə azad olunmuşdu və təbiət xaric, hər tərəf viran idi. Yəni insan əli dəyən heç nə salamat qalmamışdı. Mənfur düşmən evlərin daş divarlarını belə söküb aparmışdı. Gecələr isə heç yerdən işıq gəlmirdi. Bir sözlə, Kəlbəcər gündüz xarabalığı, gecə kabusu xatırladırdı...

Cəmi 4 il keçib və mən yenidən buradayam, özü də işğal olunduğu ərəfədə.

Xatırladaq ki, 1993-cü il martın 27-dən etibarən Ermənistanın işğalçı ordusu tərəfindən və Qarabağda məskunlaşan separatçılar tərəfindən Azərbaycanın Kəlbəcər rayonuna irimiqyaslı hücuma başlanıldı. Azərbaycandakı hərc-mərclik, başıpozululuq, hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün yarıtmaz siyasətindən istifadə edən Ermənistan asanlıqla işğalı reallaşdıra bildi. Məlumat üçün bildirək ki, bu rayon Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. Nəticədə Kəlbəcər yerlə-yeksan olundu, ölən öldü, qaçan qaçdı. Aprelin 3-də Kəlbəcər tam işğal olundu.

Bu qara tarixin üzərindən 27 il keçdi və özündən başqa heç kimə güvənməyən Azərbaycan dövləti, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bir güllə belə atmadan bu füsunkar təbiətli rayonu işğaldan azad etdi. Bəli, 2020-ci ilin 44 günlük Vətən müharibəsini, 10 noyabr kapitulyasiya aktını xatırlayın...

Kəlbəcərin işğalından artıq 32 il keçmir. Bu ifadə son beş ildə nə qədər şablonlaşsa da, yenə də qürurla təkrar edirik – keçmir, keçə də bilməz. Çünki biz qayıtmışıq, Kəlbəcər azaddır. Bu özgürlüyün üzərindən az vaxt keçməsinə baxmayaraq, hazırda Kəlbəcərdə həyat var, saysız-hesabsız tikililər – yaşayış binaları, yarımstansiyalar, daş karxanaları, zavodlar, supermarket və restoranlar...

Gecələr də kabus deyil artıq Kəlbəcərdə. Hər dağı aşanda haradansa işıq görünür, yollarda maşınlar şütüyür.

Bu gün Kəlbəcər əsaslı şəkildə yenidən qurulur. Rayonda kompleks işlər görülür. Bu işlərin başında isə əlbəttə ki, yol infrastrukturu dayanır. Xatırlayarsınız, Ermənistan Kəlbəcərə yeni asfalt yol çəkmişdi. Bu yol özlərinin Vardenis dediyi Basarkeçərdən Ağdərəyədək uzanırdı. İndi həmin yoldan əsər-əlamət qalmayıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bu yolu tamamən qaşıyaraq yenisini və daha yaxşısını çəkir. Texnikalar durmadan çalışır, qaya çarpan kim, daş düzən kim, asfalt döşəyən kim...

Asfalt örtüyünün eni 7 metrdən 9 metrə, yol yatağının eni isə 15 metrə qədər genişləndirilir.

İş icraçısı Vüsal Səmədov bildirdi ki, Kəlbəcərdə bu işlərə 1 il 4 aydır start verilib. İşi ləngidən, çətinləşdirən əsas məqam yol yatağına düşən qayaları dağıtmaqdır:

“Yolu genişləndirmək üçün müəyyən hissələrdə qayalar çapılmalıdır. Bunlar isə bir qədər vaxt aparır. Amma sürətlə işləyirik. Azı bir ilə yoldakı işləri tamamlamağı düşünürük”.

Tikilməkdə olan yolun uzunluğu 38 kilometrdir. Bu yolda 6 körpü, 82 suötürücü boru və 3 avtobus dayanacağı nəzərdə tutulub.

V.Səmədovun sözlərinə görə, yol Ağdərənin Heyvalı kəndindən Kəlbəcərə - Vəng dairəsinə qədər məsafəni əhatə edir.

“Yol çəkilişi zamanı çay yatağının (Tərtər çayı) da maneəsi çoxdur. Ona görə də biz məcbur olub dağları, qayaları yarırıq. Çay yatağına zərər vermirik. Dağları əsasən partlayıcı vasitələrlə dağıdırıq. Oradan çıxan qırıntıları xırdalanmış şəkildə yol yatağında istifadə edirik. Çay yatağının harasındasa uçqun yaranma ehtimalı varsa, orada da istinad divarları tikirik. Bununla yanaşı, dağ yatağının uçqun yerlərində də daş divarlar hörülür. Bu istinad divarları çox qalın və standartlara uyğun şəkildə tikilir. Məqsəd odur ki, torpaq və qaya axıntısının qarşısı alınsın və yola hər hansı bir qaya parçası düşməsin. Gələcəkdə bu yolda təhlükəsiz gediş-gəliş üçün əsas şərtlərdən biri də budur”, - o qeyd edib.

Yolboyu belə istinad divarlarının uzunluğu hissə-hissə olsa da, ümumilikdə 4-5 kilometr nəzərdə tutulub.

Ərazidə olarkən yol yatağına düşən dağın partladılmasına da şahidlik etdik. Təhlükəsizliyimizi təmin etmək üçün bir qədər aralıda duraraq müşahidə etməyə icazə verdilər. Partlayışı canlı-canlı izləmək həqiqətən də həyəcanverici oldu. Bir anın içində ətrafı toz-duman bürüdü. Düşən qaya parçalarını yol yatağından təmizləmək üçün bayaqdan startda duran texnikalar dərhal hərəkətə keçdilər. Bir neçə dəqiqə ərzində yol yatağı təmizləndi və gediş-gəliş təmin olundu.

İş icraçıları ilə söhbət zamanı partlayış prosesi ilə maraqlandıq. Bildirildi ki, ara-sıra bu cür partlayışlar olur, qayanı başqa cür yarmaq mümkün deyil. Partlayış mexanizminə gəldikdə, qeyd edildi ki, öncə qayada dərinliyi 10-15 metrə qədər olan bir neçə deşik açılır. Sonra həmin deşiklərə partladıcılar yerləşdirilir, rabitə teli ilə hər bir partladıcı arasında əlaqə yaradılır və kənardan idarəetmə ilə eyni anda partladılır.

Burada işimizi yekunlaşdırıb Kəlbəcər şəhərinə doğru yol aldıq. 4 il öncə gördüyümüz şəhər büsbütün dəyişib. Dağların fonunda ucalan binalar, supermarket, eləcə də digər tikililər şəhərə yeni həyat bəxş edib.

Vazeh Vəliyev
Vazeh Vəliyev

Ərazidə bir qədər gəzdikdən sonra binaların tikintisi ilə məşğul olan şirkətin layihə rəhbəri Vazeh Vəliyevlə söhbətləşdik. Bildirdi ki, birinci yaşayış kompleksində işlər yekunlaşmaq üzrədir:

“Kəlbəcər şəhərində birinci mərhələdə inşa edilən 6 ədəd binada hazırda tamamlama işləri gedir. Beşmərtəbəli binalar 2, 3 və 4 otaqlardan ibarətdir. Alt mərtəbə parkinq üçün nəzərdə tutulub, qalan 4 mərtəbə isə yaşayış mənzilləridir. Hər binanın arxasında “tanhaus” tipli ikimərtəbəli yaşayış binası da tikilib”.

Bu arada qeyd edək ki, Prezident İlham Əliyev Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin təməlini 2023-cü ilin mayında qoyub. Ötən il sentyabrın 2-də isə dövlət başçısı şəhərdə ikinci yaşayış kompleksinin təməlini qoyub.

Bu kompleks 1,76 hektar ərazidə layihələndirilib. İkinci yaşayış kompleksi şəhərin Baş planına əsasən çoxfunksiyalı zonada yerləşir. Kompleksdə 3 və 5 mərtəbəli 8 yaşayış binasının inşası nəzərdə tutulur. Mənzillərin 56-sı ikiotaqlı, 56-sı üçotaqlı, 48-i isə dördotaqlı olacaq. Burada ümumilikdə 160 ailənin yaşaması planlaşdırılır.

V.Vəliyev bizimlə söhbətində onu da dedi ki, hazırda ikinci yaşayış kompleksində beton işləri yekunlaşmaq üzrədir. Bundan sonra binaların bəzək işlərinə başlanılacaq.

Qeyd olundu ki, bu yaşayış kompleksində əhalinin məşğulluğunun və istirahətinin təmin edilməsi üçün hər cür şərait yaradılacaq, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Burada evlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə olunacaq.

Beləliklə, Kəlbəcərə növbəti səfərimizdə rayonun günü-gündən necə inkişaf etdiyini gördük. Ümumiyyətlə, Kəlbəcərin işğaldan azad olunması yalnız bir ərazi deyil, ruhun və ümidin də geri qaytarılmasıdır. Yenidənqurma və inkişaf işləri təkcə dağılan evlərin və yolların deyil, həm də insanların ürəklərindəki yaranın sağalması üçündür. Hər bir yenilənmiş kənd, hər bir yeni ağac və hər bir ucalan bina azadlığın və həmrəyliyin simvoludur.

Kəlbəcər artıq yalnız keçmişin xatirələri deyil, həm də gələcəyin ümididir. Bu torpaqların bağrına yenidən həyat toxumu səpilir və bu toxumlar sabahkı uğurların müjdəsidir. Kəlbəcər oyanır, dirçəlir və yeni tarix yazır. Bu, xalqımızın mərdliyinin, birliyinin və sonsuz inamının əbədi dastanıdır!

Foto: Vüqar Xanlarov

Kəlbəcər

Son xəbərlər

Orphus sistemi