Cəbhədə yüzlərlə hərbçisi olan kəndimiz

Cəbhədə yüzlərlə hərbçisi olan kəndimiz Qırx dörd günlük Vətən müharibəsində Azərbaycanın bütün rayonları kimi Biləsuvarın da vətənpərvərləri cəbhədə ön sıralarda dayandılar.
Qarabağ
15 Noyabr , 2020 17:21
Cəbhədə yüzlərlə hərbçisi olan kəndimiz

Qırx dörd günlük Vətən müharibəsində Azərbaycanın bütün rayonları kimi Biləsuvarın da vətənpərvərləri cəbhədə ön sıralarda dayandılar.

“Report”un Muğan bürosu xəbər verir ki, rayonun 2 000 nəfərdən artıq əhalisi olan Çaylı kəndinin sakinləri də bu sıradadır. Belə ki, hazırda Azərbaycan Ordusunda bu kənddən olan 450 nəfərə yaxın əsgər, gizir və zabit xidmət edir. Kənd sakinlərindən aldığımız məlumata görə, bəzi ailələrdən hətta 3 qardaş ön cəbhədədir.

Çaylı kəndindəki qəhrəmanlardan biri də Hüseynov Şamxal Hüseyn oğludur. Şamxal 1988-ci ilin oktyabrında Çaylı kəndində anadan olub. 2007-ci ildən həqiqi hərbi xidmətə çağırılıb və müddətli həqiqi hərbi xidmətindən sonra, 2008-ci ildən TTM-in gizirlik kursunda tank komandiri ixtisasını başa vurub. Daha sonra Naxçıvan Muxtar respublikasında N saylı hərbi hissədə xidmətini davam etdirib.

2015-ci ildən xidmətini Fizuli rayonunda davam etdirən Şamxal Hüseynov 2016-ci ilin aprelində Lələtəpə yüksəkliyinin azad edilməsində iştirak edib.

Bu ilin 27 sentyabrında düşmənə qarşı əks-hücum əməliyyatlarına ilk qatılanlardan biri olan Ş.Hüseynovun tank taboru düşmənin Cəbrayılın Nüzgar kəndinə kimi həmləsinin qarşısını alıb, postunu darmadağın edib. O, bir sıra ağır döyüşlərdə şücaəti ilə fərqlənib. Lakin döyüşlərdən birində ağır yaralanıb.

Qeyd edək ki, Samxalın qardaşı Təbriz Hüseynov da hərbçidir. O, 4 ildir ki, Vətənə xidmətini gizir kimi davam etdirir. T.Hüseynov sentyabrda başlanmış hərbi əməliyyatlarında ön cəbhədə döyüşmüş hərbçilərimizdəndir.

Son xəbərlər

Orphus sistemi