Bakı. 12 aprel. REPORT.AZ/ Dağlıq Qarabağda münaqişənin gərginləşməsi nəticəsində yüzlərlə insan, əsasən qadınlar, uşaqlar və qocalar evlərini tərk etmək məcburiyyətində qalıblar.
"Report" xəbər verir ki, bunu jurnalistlərə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik Cenevrədə yerləşən ali komissarın qaçqınlarla iş üzrə İdarəsinin (AKQİ) məlumatlarına istinadən bildirib.
"AKQİ məlumat verir ki, bu yaxınlarda Dağlıq Qarabağda aparılan hərbi əməliyyatlar nəticəsində yüzlərlə insan, əsasən qadınlar, uşaqlar və qocalar evlərini tərk etmək məcburiyyətində qalıblar. Köçkünlərin əsas hissəsi regionun şimal-şərq hissəsindəndir. İdarənin məlumatına görə, insanlar Azərbaycanın digər rayonlarına qaçıblar", - deyə Düjarrik bildirib.
Qaçqınların bəzilərinin məlumatına görə, son 20 ildə zorakılıqdan qaçaraq bir neçə dəfə yaşayış yerlərini dəyişmək məcburiyyətində qalıblar.
"AKQİ, həmçinin dinc sakinlər arasında itkilərin olması, evlərin və infrastrukturun dağıdılması barədə məlumat əldə edib", - deyə baş katibin nümayəndəsi bildirib.
İdarənin saytında yerləşdirilən məlumata görə, Azərbaycan hökumətinə yeni məcburi köçkünlərin humanitar ehtiyaclarının qarşılanmasında yardım təklif olunub.