Bakıda daha bir şəhidin xatirəsinə tikilən bulağın açılışı olub

Bakıda daha bir şəhidin xatirəsinə tikilən bulağın açılışı olub Bakının Binəqədi rayonunda Vətən müharibəsi şəhidi Hüseynov Rövşən Kazım oğlunun adına tikilən bulağın açılışı olub.
Qarabağ
292
21 Avqust , 2021 14:45
Bakıda daha bir şəhidin xatirəsinə tikilən bulağın açılışı olub

Bakının Binəqədi rayonunda Vətən müharibəsi şəhidi Hüseynov Rövşən Kazım oğlunun adına tikilən bulağın açılışı olub.

"Report" xəbər verir ki, anım mərasimində şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının, Binəqədi rayon Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin ailə üzvləri bütün tədbir iştirakçılarına, döyüş yoldaşlarına, rayon ictimaiyyətinə təşəkkür ediblər.

Şəhidin qardaşı Rafael Hüseynov çıxışı zamanı bildirib ki, bulaq ailənin daxili imkanları hesabına açılıb və gələcəkdə onun yaşadığı küçəyə adının verilməsi üçün müraciət etməyi planlaşdırırlar.

Qardaşının bildirdiyinə görə, Vətən Müharibəsi başladıqdan sonra döyüşlərə könüllü qoşulan Rövşən Hüseynov Xocavənd, Cəbrayıl və Füzulinin bir sıra kəndlərinin azad olunmasında iştirak edib.

Qeyd edək ki, Rövşən Hüseynov 21 avqust 1995-ci ildə Bakı şəhərində anadan olub. 2012-ci ildə Bakı şəhəri 202 nömrəli tam orta məktəbi bitirib. Rusiyada "Qafqaz Xalqlarının Dostluğu İnstitutu"nun iqtisadiyyat fakültəsində təhsil alıb. 2017-2018-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmət keçib. Goranboy rayonunda ön xəttdə Murovdağ istiqamətində yerləşən "N" saylı hərbi hissədə düşmənlə üz-üzə xidmət edib.

23 oktyabr 2020-ci ildə Füzuli rayonu, Kürdlər kəndi ərazisində şəhid olub. 25 oktyabr 2020-ci ildə Bakı şəhərində dəfn olunub.

R.Hüseynov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi