Biləsuvarda Şəhidlər Abidə Kompleksinin açılışı olub 

Biləsuvarda Şəhidlər Abidə Kompleksinin açılışı olub  Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin yaxınları, kənd sakinləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər
Qarabağ
219
10 May , 2021 16:03
Biləsuvarda Şəhidlər Abidə Kompleksinin açılışı olub 

Biləsuvar rayonunun Xırmandalı kəndində Şəhidlər Abidə Kompleksinin açılışı olub.

"Report"un Muğan bürosunun məlumatına görə, tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin yaxınları, kənd sakinləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Eyni zamanda, Xırmandalı kəndində 1978-ci ildə inşa edilmiş 1941-1945-ci il abidə kompleksi və 1990-ci ildə inşa edilən 20 Yanvar abidəsi yenidən restavrasiya olunub, əlavə olaraq abidə kompleksi yanında həm Birinci Qarabağ müharibəsi, həm Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan, yeni inşa edilmiş abidə kompleksinin açılışı olub.

Qeyd edək ki, İkinci Dünya müharibəsinin iştirakçıları arasında qədim Biləsuvar torpağından 4 380-dən çox oğul və qızımız əsl qəhrəmanlıq göstərib.

Onlardan 700 nəfərdən çoxu həlak olub, itkin düşüb. 780 nəfər müxtəlif orden və medallarla təltif olunub. 9 May - Faşizm üzərində Qələbə Günündə adını Reyxstaqın divarlarına yazan igidlərdən biri də biləsuvarlı Səfər Əsgərov olub.

İkinci Dünya müharibəsində qəhrəmanlıqla vuruşmuş biləsuvarlılardan Səfər Əsgərovun, Dayandur Nadirovun, Nobat Ağayevanın, Ağaverdi İmanovun, Mustafa Əliyevin və başqalarının adları bu gün də ehtiramla yad olunur.

Qeyd edək ki, Şəhidlər Abidə Kompleksi Biləsuvar Rayon İcra Hakimiyyətinin, şəhid ailələrinin, kənd ictimaiyyətinin nümayəndələrinin və iş adamlarının dəstəyi ilə inşa edilib.

Son xəbərlər

Orphus sistemi