"Ərazilərin minalardan təmizlənməsi Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifədir. Qızıl Xaç Komitəsi, həmçinin mina partlamasından əziyyət çəkmiş şəxslərə yardım prosesinə cəlb edilib. Buraya əsasən fiziki reabilitasiya daxildir".
“Report” xəbər verir ki, bu fikirləri Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəsi Arian Bauer “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, mina partlamasından əziyyət çəkmiş şəxslərə tibbi yardımdan savayı psixoloji yardım da göstərilir.
“Qızıl Xaç Komitəsi mina qurbanlarına maliyyə yardımı göstərməklə bu məsələdə böyük dəstək göstərir. Biz həmçinin mina təhlükəsi barədə maarifləndirmə işində ANAMA-nın fəaliyyətini dəstəkləyirik. Azərbaycan institutları yaxşı və çox qiymətli iş görür”, - A.Bauer bildirib.