Erməni quldurlarının azərbaycanlı uşaqlara qarşı törətdikləri vəhşiliklərlə bağlı tədbir keçirilib

Erməni quldurlarının azərbaycanlı uşaqlara qarşı törətdikləri vəhşiliklərlə bağlı tədbir keçirilib Bakıda Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi tərəfindən “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” adlı tədbir keçirilib.
Qarabağ
1 İyun , 2019 17:48
Erməni quldurlarının azərbaycanlı uşaqlara qarşı törətdikləri vəhşiliklərlə bağlı tədbir keçirilib

Bakıda Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi tərəfindən “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” adlı tədbir keçirilib.

“Report”un məlumatına görə, tədbirdə Milli QHT Forumunun vitse-prezidenti, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Ombudsman Aparatının, işğal olunmuş rayonların icra hakimiyyətlərinin nümayəndələri, QHT sədrləri iştirak ediblər.

Tədbirdə yaxınları ilə bərabər uşaqlıqlarını da itirmiş girovluqdan azad edilmiş şəxslər, onların övladları, itkin düşmüş hesab olunan və hələ də girovluqda qalan azyaşlıların ailələrində böyüyən qaçqın və məcburi köçkün uşaqlar qatılıblar.

Girovluqdan azad edilmiş uşaqların (təbii ki, onlar artıq uşaq deyillər) övladları və əsir-itkin düşmüş soydaşlarımızın ailələrində böyüyən uşaqlar bədii proqramla çıxış ediblər.

Azyaşlı olan zaman ermənilər tərəfindən girov götürülmüş şəxslər keçirdikləri ağır və məşəqqətli uşaqlıqlarından, ermənilərin onlara və onların gözləri qarşısında ailə üzvlərinə, həmçinin yaxınlarına verdikləri ağlasığmaz işgəncələrdən, törətdikləri qəddarlıqlardan danışıblar.

Qeyd olunub ki, erməni girovluğundan azad edilmiş 1477 nəfərin 224-ü girov götürülən zaman uşaq olub. Münaqişə zamanı itkin düşmüş hesab olunan 3888 nəfərin 67-si uşaqdır. Şahid ifadələrinə əsasən, girov götürülməsi sübut olunmuş 871 nəfərin 29-u uşaqlardır.

Sonda uşaqlara hədiyyələr paylanılıb. Layihə rəhbəri Esmira Orucova tədbirin keçirilməsində əməyi olanlara təşəkkür edib.

Erməni tərəfi Azərbaycan ərazilərini işğal edən zaman girov götürdüyü uşaqlara qarşı 10 dekabr 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul olunmuş “İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə”nin 2, 3, 5, 9 və 17-ci maddələri, 14 dekabr 1974-cü ildə qəbul olunmuş “Hərbi Münaqişələr və Fövqəladə Hallar Zamanı Qadın və Uşaqların Müdafiəsi Haqqında Bəyannamə”nin, 9 dekabr 1948-ci ildə qəbul olunmuş “Soyqırım Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiya”nın tələbləri, 12 avqust 1949-cu il tarixli "Müharibə zamanı mülki əhalinin qorunması haqqında" Cenevrə Konvensiyaları, 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarına əlavə olunan və beynəlxalq silahlı münaqişə qurbanlarının himayəsinə həsr edilən 8 iyun 1977-ci il tarixli Protokolu ( I Protokol ) IV hissəsini kobud surətdə pozub. 

Qeyd edək ki, tədbir “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş və girov götürülmüş uşaqların hüquqlarının müdafiəsinə həsr olunmuş tədbirlərin keçirilməsi” mövzusunda layihə çərçivəsində baş tutub. Layihənin məqsədi işgəncə və zorakılıqlara məruz qaldıqdan sonra azad edilmiş, itkin düşmüş, həmçinin şahid ifadələrinə əsasən girov götürülmüş, hələ də qaytarılmayan uşaqların hüquqlarını müdafiə etmək üçün problemi gündəmdə saxlamaq və beynəlxalq təşkilatlara çatdırmaqdır.

Son xəbərlər

Orphus sistemi