Azərbaycan XİN: ABŞ və Fransanı ikili və qərəzli olmamağa çağırırıq

Azərbaycan XİN: ABŞ və Fransanı ikili və qərəzli olmamağa çağırırıq Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamenti və Fransa XİN-in Karen Petrosyan ilə əlaqədar açıqlamalarına münasibət bildirib
Qarabağ
22 Avqust , 2014 17:29
Azərbaycan XİN: ABŞ və Fransanı ikili və qərəzli olmamağa çağırırıq
Bakı. 22 avqust. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ Dövlət Departamenti və Fransa XİN-in Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun üzvü Karen Petrosyan ilə əlaqədar açıqlamalarına münasibət bildirib. Report-un xəbərinə görə, sənəddə Müdafiə Nazirliyinə istinadən xatırladılıb ki, Karen Petrosyan Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun tərkibində təxribat törətmək məqsədilə Ermənistan-Azərbaycan sərhədi istiqamətindən Azərbaycan ərazisinə daxil olub. Kəşfiyyat-diversiya qrupunun hücum və təxribatının qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən alınıb və qrupun tərkibində olan Karen Petrosyan əsir düşüb. Naməlum və qəfil şəraitdə keçinən Karen Petrosyanın ölümünün səbəbləri tibbi ekspertlər tərəfindən açıq və şəffaf şəkildə araşdırılıb və onun ölümü barəsində dərhal Beynəlxalq Qırmızı Xaç Komitəsinə məlumat verilib.

"Azərbaycandan fərqli olaraq, Azərbaycan Respublikasının ərazilərini işğal edən Ermənistan tərəfindən əsir və girovluqda olan Azərbaycan vətəndaşlarına münasibətdə beynəlxalq humanitar hüquq, xüsusilə “Müharibə qurbanlarının müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyalarının müddəaları daimi olaraq kobud pozulur. Ermənistan tərəfindən əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının kütləvi şəkildə öldürülməsi, onlara dəhşətli işgəncələr verilməsi, mənəvi əzablar, onların amansız və insan ləyaqətini alçaldan rəftara məruz qoyulması, özünüöldürmə həddinə çatdırılması, yaxud verilmiş işgəncələr nəticəsində vəfat etməsi kimi dəhşətli əməllər törədilib. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Ermənistan tərəfindən əsir və girov götürülmüş 4000-dən artıq azərbaycanlının taleyi haqqında bu günə qədər heç bir məlumat verilmir.

Öz doğma torpaqlarını və ata-analarının məzarını ziyarət edən Şahbaz Quliyev və Dilqəm Əsgərovun Ermənistan tərəfindən xüsusi qəddarlıqla işgəncələrə və alçaldıcı rəftara məruz qalması, Həsən Həsənovun isə qətlə yetirilməsi, işğalın ilk günündən Ermənistan silahlı qüvvələrinin mütəmadi əsasda qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhəd xətti boyunca mülki şəxsləri, o cümlədən azyaşlı uşaqların hədəfə alınması, Ermənistan Silahlı Qüvvələrinin 31 iyul – 1 avqust tarixində qorxaq və alçaqcasına törətdiyi terror-təxribat əməli və 7 avqust tarixində bunun davam etdirilməsinə cəhd Ermənistanın beynəlxalq hüquq, insaniyyət və mənəviyyatdan kənar siyasətinin göstəricisidir.

Bütün bunların müqabilində Ermənistanın Karen Petrosyanın işinin məqsədyönlü şəkildə şişirtməsi və ona siyasi don geyindirilməsi cəhdləri Ermənistanın törətdiyi vəhşilikləri ört-basdır etmək məqsədi daşıyır.

ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ və Fransanın Ermənistanın bu kimi qeyri-insani rəftarına, o cümlədən Şahbaz Quliyev, Dilqəm Əsgərov və Həsən Həsənovun taleyinə, eləcə də 31 iyul-1 avqust tarixində Ermənistan tərəfindən törədilmiş terror-təxribat əməlinə biganə qalaraq, Ermənistan və radikal erməni diasporunun təbliğat maşınının təsiri altında verdikləri bu bəyanat anlaşılmaz və qəbuledilməzdir deyə, XİN-in bəyanatında vurğulanıb.

Sənəddə qeyd olunub ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin bu kimi həssas məsələlərdə birtərəfli və qərəzli fəaliyyət nümayiş etdirmələri Azərbaycan cəmiyyəti tərəfindən də birmənalı qarşılanmır: "ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri, eləcə də BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi üzərilərinə düşən öhdəlik və məsuliyyətə uyğun olaraq, bu kimi bəyanatların əvəzinə BMT nizamnaməsi, BMT TŞ-nin qətnamələri və Helsinki Yekun aktı əsasında tezliklə işğalın nəticələrinin aradan qaldırılması və münaqişənin həllinin təmin olunmasına doğru səylərini artırmaları və səfərbər etmələri daha məqsədəuyğun olardı.

ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ və Fransanı münaqişənin həlli ilə əlaqədar prinsipiallıq nümayiş etdirməyə, başsağlığı və narahatçılıq ifadə edərkən ikili və qərəzli olmamağa çağırırıq".

Son xəbərlər

Orphus sistemi