Azərbaycanın Vətən müharibəsindəki taktiki üsulları dünya hərb elmi üçün yenilikdir

Azərbaycanın Vətən müharibəsindəki taktiki üsulları dünya hərb elmi üçün yenilikdir "44 günlük müharibə nəticəsində isə Azərbaycan müasir dünyanın hərb tarixinə yeni səhifə yazdı"
Qarabağ
28 Dekabr , 2020 14:27
Azərbaycanın Vətən müharibəsindəki taktiki üsulları dünya hərb elmi üçün yenilikdir
Malik Həsənov

“Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tarixi Qələbəyə imza atmaqla yalnız işğal altındakı torpaqlarımızı azad etmədi, həmçinin regionu, dünyanı terror və faşizm təhlükəsindən xilas etdi. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarına səfəri zamanı əsgərlərlə görüşündə də bu məqam xüsusi diqqətə çatdırıldı ki, azad edilmiş rayonlarda ermənilər tərəfindən törədilmiş vəhşilikləri görərkən nəinki ölkəmiz, bölgəmiz üçün böyük iş gördüyümüzə əmin olduq. Faşist, terror siyasəti həyata keçirən Ermənistan Azərbaycan qarşısında diz çökdü. Təbii ki, işğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər bundan nəticə çıxarmalıdırlar. Azərbaycan dövlətinin, möhtərəm Prezidentimizin qətiyyəti sayəsində yaradılan yeni reallıqlar regionun, dünyanın siyasi mənzərəsini dəyişdi”.

"Report" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov qeyd edib ki, 44 günlük Vətən müharibəsində Zəfərimiz nəinki ölkə daxilində, beynəlxalq səviyyədə keçirilən sorğuların nəticələrində də öz əksini tapıb: “Rusiyanın məşhur “Vedomosti” nəşri altı nominasiya üzrə ilin personası ilə bağlı illik xüsusi layihəsinin nəticələrini dərc edib. Dövlətimizin başçısı İlham Əliyev nəşrin oxucuları arasındakı səsvermədə “İlin siyasətçisi” seçilib. Bildirilir ki, cənab İlham Əliyevi haqlı olaraq ordusu 2020-ci ildə inamlı hərbi qələbə qazanan, region miqyasına görə isə əsl triumf əldə edən yeganə lider adlandırmaq olar”.

“Azərbaycanın istifadə etdiyi taktiki üsullar dünya hərb elmi üçün yenilikdir. Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş qabiliyyətinin gücləndirilməsi istiqamətində atılan davamlı addımlar Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşmasını təmin etdi. 44 günlük müharibə nəticəsində isə Azərbaycan müasir dünyanın hərb tarixinə yeni səhifə yazdı. Ölkəmiz hərb tarixinə yenilik kimi daxil olan strategiya tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, az itkilər verərək qısa müddətdə düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu, kapitulyasiya aktını imzalamağa məcbur etdi. Vətən müharibəsi beynəlxalq hərbi ekspertlər tərəfindən ciddi təhlil edilir. Dövlətimizin başçısı İlham Əliyevin “İlin siyasətçisi” seçilməsi bir daha bu reallığı dünyaya təqdim etdi ki, peşəkarlıq, qəhrəmanlıq, planlaşdırma, güclü iradə, milli ruh, texniki təchizat, xalq-iqtidar birliyi Zəfərimizin əsasıdır”, - deyə millət vəkili vurğulayıb.

M.Həsənov bu məsələyə də münasibətini bildirib ki, 30 ilə yaxın müddətdə ikili siyasətləri ilə münaqişənin həlli prosesinin uzanmasına səbəb olan bəzi dövlətlər bu gün də ənənələrini davam etdirirlər:

“Fransa kimi dövlətlər əvvəllər Ermənistana himayədarlıqlarını pərdələnməyə cəhdlər etsələr də, Azərbaycanın siyasi Qələbəsini təsdiqləyən 10 noyabr üçtərəfli Bəyanatdan sonra işğalçıya dəstəklərini etiraf edirlər. Balanslı, ədalətli, neytral davranmağı bacarmayan Fransa Prezidenti Emmanuel Makronun həmsədr mandatına uyğun olmayan addımları ilə bağlı yeni faktlar açıqlanır. Belə ki, Makron müharibə vaxtı Paşinyana sms-mesajlar göndərdiyini etiraf etməklə qatı ermənipərəst mövqeyini bir daha göstərir. Açıqlanan faktlarda o da bildirilir ki, 10 noyabr razılaşmasından bir neçə gün sonra Fransa Prezidenti Emmanuel Makron erməni icmasının nümayəndələri ilə görüşündə Nikol Paşinyanın heç bir məsələni onunla razılaşmamasından narahatlığını ifadə edib. Açıq-aydın görünür ki, Makron Fransanın ATƏT-in Minsk qrupunun həmsədri mandatını yalnız Ermənistanın maraqlarını müdafiə etmək kontekstində anlayıb və buna uyğun hərəkət edib. Azərbaycan yalnız bu gün deyil, 28 il belə yanaşmaların şahidi olub. Lakin ölkəmiz beynəlxalq münasibətlərdə güc və hüquq amillərini əsas tutaraq bu illər ərzində daha da güclənərək, münaqişənin həlli üçün möhkəm hüquqi baza yaradaraq 44 gündə ədaləti bərpa etməklə “demokratiyanın beşiyi” sayılan Fransa kimi dövlətlərin əsl simasını ortaya qoydu”.

Son xəbərlər

Orphus sistemi