Vyetnam Kommunist Partiyasının rəsmisi: "Azərbaycanın hüquqi islahatlar sahəsindəki təcrübəsini yüksək qiymətləndiririk"

Vyetnam Kommunist Partiyasının rəsmisi: "Azərbaycanın hüquqi islahatlar sahəsindəki təcrübəsini yüksək qiymətləndiririk" Spiker Oqtay Əsədov: "İnanırıq ki, beynəlxalq birliyin səyi və iradəsi sayəsində Dağlıq Qarabağ problemi tezliklə öz ədalətli həllini tapacaq"
Qarabağ
3 İyul , 2015 19:10
Vyetnam Kommunist Partiyasının rəsmisi: Azərbaycanın hüquqi islahatlar sahəsindəki təcrübəsini yüksək qiymətləndiririk

Bakı. 3 iyul. REPORT.AZ/ Bu gün Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ölkədə səfərdə olan Vyetnam nümayəndə heyətini qəbul edib. Parlamentdən "Report"a verilən xəbərə görə, nümayəndə heyətinə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Hüquqi islahatlar üzrə komissiya sədrinin birinci müavini, Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü xanım Le Thi Thu Ba başçılıq edib.

Sədr çıxışında ümidvar olduğunu bildirib ki, Vyetnam nümayəndə heyətinin bu səfəri ölkələr arasında münasibətlərin inkişafına yeni impuls verəcək: "Qarşılıqlı əməkdaşlığın daha da dərinləşməsində ölkə başçılarının səfərləri və görüşləri mühüm rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevin keçən ilin mayında Vyetnam Sosialist Respublikasına səfəri ölkələrimiz arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı olub".

Spiker qeyd edib ki, Azərbaycan-Vyetnam əlaqələri möhkəm tarixi əsaslar üzərində qurulub. O, həmçinin parlamentlər səviyyəsində də əməkdaşlığı yüksək qiymətləndirib.

O. Əsədov siyasi sahədəki əlaqələrin gələcəkdə iqtisadi münasibətlərə öz müsbət təsirini göstərəcəyinə inamını ifadə edib: "Bu gün sürətlə inkişaf edən Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Əldə edilən nailiyyətlərlə yanaşı, ölkənin Dağlıq Qarabağ kimi problemi var. Münaqişə ilə əlaqədar nüfuzlu beynəlxalq qurumların qətnamə və qərarlarına məhəl qoymayan Ermənistan işğalçılıq siyasəti yeritməkdə davam edir. Biz inanırıq ki, beynəlxalq birliyin səyi və iradəsi sayəsində problem tezliklə öz ədalətli həllini tapacaq".

Vyetnam nümayəndə heyətinin başçısı xanım Le Thi Thu bildirib ki, vaxtilə Azərbaycanın müxtəlif təhsil ocaqlarında biliklərə yiyələnən vyetnamlı tələbələr bu gün Vyetnamın ictimai-siyasi həyatında mühüm rol oynayır, ölkənin inkişafına öz töhfələrini verirlər.

O, rəhbərlik etdiyi Hüquqi islahatlar komitəsində görülən işlərdən danışaraq, Azərbaycanın bu sahədəki təcrübəsini yüksək qiymətləndirib: "Hər iki ölkənin hüquqi islahatlarla bağlı təcrübəsi Vyetnam üçün çox önəmlidir və gələcəkdə bu sahədə əməkdaşlığı genişləndirmək niyyətindəyik".

Söhbətdə parlamentlərarası əlaqələrin inkişafı, hüquq-mühafizə orqanları sahəsində islahatların aparılmasında təcrübə mübadiləsi, elm, təhsil, humanitar sahələrdə əməkdaşlıq və digər məsələlər ətrafında danışıqlar aparılıb.

Son xəbərlər

Orphus sistemi