Azərbaycan nümayəndə heyətinin üzvü AŞPA rəhbərliyinə etirazını bildirib

Azərbaycan nümayəndə heyətinin üzvü AŞPA rəhbərliyinə etirazını bildirib "AŞPA və BMT qətnamələrini yerinə yetirməkdən boyun qaçırır"
Qarabağ
26 Yanvar , 2018 15:56
Azərbaycan nümayəndə heyətinin üzvü AŞPA rəhbərliyinə etirazını bildirib
Report

Strasburq. 26 yanvar. REPORT.AZ/ Bu gün Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azad Müzakirələrdə çıxış edən Azərbaycan münayəndə heyətinin üzvü Qənirə Paşayeva Xocalı soyqırımından danışıb, işğalçı Ermənistanın prezidentini təşkilata dəvət edən AŞPA rəhbərliyinə etirazını bildirib və Serj Sarkisyanın səsləndirdiyi yalanlara sərt cavab verib. 

"Report"un Qərbi Avropa bürosunun məlumatına görə, çıxışına Qarabağla bağlı yalanlarla çıxış edən Ermənistan nümayəndə heyətinə sərt etirazla başlayan Q.Paşayeva onları Assambleyaya yalan məlumatlar verməkdə ittiham edib və Xocalıdan danışıb: ”Düz 1 ay sonra biz Ermənistanın 1992-ci ildə həyata keçirdiyi Xocalı soyqırımının ildönümünü qeyd edəcəyik. Bu cinayəti törədənlər hələ də azad şəkildə Ermənistanda gəzirlər və ədalət qarşısında cavab verməyiblər. Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından, o cümlədən Xocalıdan çıxarılmasını tələb edən Assambleyanın 1416 saylı qətnaməsi Ermənistan rəhbərliyi tərəfindən son 13 ildə yerinə yetirilməmiş qalır. Buna baxmayaraq, Assambleya tərəfindən Ermənistanın bu cür hərəkətinə qarşı heç bir ciddi addım atılmayıb. Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısını almağa çalışarkən yalnız yanvar ayı ərzində 2 gənc azərbaycanlı həyatlarını itirib. Bu qətnamənin qəbul edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri Zəhra, Fariz, Aygün adlı körpə uşaqları və onlarla mülki vətəndaşı vəhşicəsinə öldürmüş və yaralanmış, onların evlərini dağıtmış və yandırmışdır. Mən parlamentdə cəbhəboyu yerləşən regionlardan birinin təmsilçisi kimi həqiqəti öz gözləri ilə görmək arzusunda olan həmkarlarımı regionumuza dəvət edirəm. Siz Ermənistanın cəbhəboyu törətdiyi cinayətləri öz gözlərinizlə görəcəksiniz. Əgər bu qətnamə artıq yerinə yetirilmiş olsaydı, çoxlu sayda insan, onlarla körpə və mülki vətəndaşlar öz həyatlarını itirməmiş olacaqdı. Təəssüflər olsun ki, bu qətnamələrin yerinə yetirilməsi üçün Ermənistana təzyiq göstərmək əvəzinə AŞPA bu işğalçı dövlətin prezidentini bizim təşkilata dəvət etmiş və ona yalanlar üzərində qurulan nitq söyləmək imkanı verilmişdir. Biz bunu kəskin şəkildə qınayırıq. Çünki Ermənistan prezidenti Azərbaycan torpaqlarının işğalında və Xocalı soyqırımının törədilməsində birbaşa iştirak etmiş şəxsdir. Eyni zamanda Ermənistan prezidenti neçə illərdir ki, işğal edilmiş Azərbaycan torpaqlarından erməni silahlı qüvvələrinin çıxarılmasını və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma evlərinə qayıtmasına imkan verilməsini tələb edən AŞPA və BMT qətnamələrini yerinə yetirməkdən boyun qaçırır".

Millət vəkili vurğulayıb ki, AŞPA-dakı ikili standartların səbəbini anlamaq olmur: "Çox təəssüflər olsun ki, Assambleya işğal edilmiş Azərbaycan torpaqlarından erməni silahlı qüvvələrinin çıxarılmasını və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma evlərinə qayıtmasına imkan verilməsini tələb edən qətnamələri yerinə yetirməyən işğalçı dövlətin rəhbərindən onun Avropa Şurasına səfəri müddətində bu cür hərəkətləri dayandırmağı və qətnamələri yerinə yetirməyi tələb etmədi. Biz Assambleyanı bu cür ikili standartlara son qoymağa çağırırıq. Biz Assambleyanı öz qətnamələrinə hörmət etməyə və 1416 saylı qətnamənin və Sərsəng su anbarı ilə bağlı qətnamənin yerinə yetirilməsi üçün Ermənistana qarşı ciddi tədbirlər görməyə, təzyiq göstərməyə çağırırıq. Bunu sizdən 25 ildir öz evlərinə qayıda bilməyən və insan haqları Ermənistan tərəfindən pozulmuş 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün gözləyir. Ermənistan həmçinin Avropa Şurasının çağırışlarına məhəl qoymur və girovluqda saxlanılan azərbaycanlılar - Dilqəm Əsgərovu və Şahbaz Quliyevi azad etməyi rədd edir. Bizim təşkilatın rəhbərləri Ermənistandan onları azad etməyi ciddi şəkildə tələb etməli və onların insan haqlarını qorumalıdır. Eyni zamanda biz Assambleyanı, təşkilat rəhbərlərini Xocalı soyqırımının ildönümü ərəfəsində bu dəhşətli cinayəti qınayan bəyanat qəbul etməyə çağırırıq. Birlikdə biz bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab vermələrinə nail olmalıyıq. İlk növbədə, biz bunu bəşəriyyət naminə etməliyik. Hörmətli Assambleya üzvləri, bir neçə gün əvvəl Azərbaycan, Gürcüstan və Türkiyə birlikdə Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolu layihəsini işə saldı. Bu böyük layihə tək bizim üçün deyil, həm də bütün Avropa üçün vacibdir. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsindən irəli gələn gərginliyin davam etməsi tək bizim maraqlara deyil, həm də Avropanın maraqlarına böyük hədədir. Ona görə də Assambleya bu məsələnin həllində daha fəal rol oynamalıdır”.

Son xəbərlər

Orphus sistemi