Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatında Azərbaycan tərəfinin itki verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Ermənistanın kütləvi informasiya vasitələrinin guya qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin təxribat törətməsi və bunun nəticəsində itki verməsi barədə yaydıqları məlumatların heç bir əsası yoxdur: "Bu, düşmən tərəfinin növbəti yalanı və uydurmasıdır. Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti heç bir itki verməyib və bölmələrimiz qoşunların təmas xəttində əməliyyat şəraitinə tam nəzarət edir".
Qeyd edək ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, yanvarın 11-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atışma baş verib. Atışma nəticəsində bir azərbaycanlı hərbçi və bir erməni çoban həlak olub.