Bakı. 8 may. REPORT.AZ/ Belçikanın Brüssel şəhərində Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı ölkələrinin ticarət nazirlərinin birinci qeyri-rəsmi görüşü keçirilib. Bu barədə “Report”a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.
Ticarət üzrə Avropa komissarı Sesiliya Malmströmün sədrliyi ilə keçirilən görüşdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edib.
Tədbirdə Şərq Tərəfdaşlığı ölkələri ilə Aİ arasında iqtisadi-ticarət münasibətlərinin inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.
Nazir müavini M.Məmməd-Quliyev tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanın dinamik iqtisadi inkişafı davam edir və milli iqtisadiyyatın diversifikasiyası məqsədilə qeyri-neft sektorunun və bu xüsusda ixracyönümlü sahələrin inkişaf etdirilməsi Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi islahatların əsasını təşkil edir. Aİ-nin Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu vurğulayan nazir müavini ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsi üçün geniş potensialın mövcud olduğunu qeyd edib.
Azərbaycanın işğal olunmuş ərazilərində istehsal edilən məhsulların Avropaya qeyri-qanuni şəkildə ixrac hallarından narahatlığını ifadə edən M.Məmməd-Quliyev bu halların qarşısının alınması məqsədilə Aİ tərəfindən zəruri tədbirlərin görülməsinin vacibliyini xüsusilə vurğulayıb.