Azad edilmiş ərazilərin deputatları: "Prezidentin əsas məqsədi Qarabağın dünyanın gözəl bölgələrindən birinə çevrilməsidir"

Azad edilmiş ərazilərin deputatları: "Prezidentin əsas məqsədi Qarabağın dünyanın gözəl bölgələrindən birinə çevrilməsidir" "Hazırda Azərbaycan xalqı böyük qayıdış dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi işğaldan azad olunmuş ərazilərdə böyük bərpa və quruculuq işləri sürətlə həyata keçirilir. İşğaldan azad olunduqdan sonra qısa müddətdə bu ərazilər minalardan təm
Qarabağ
14 fevral 2022 12:04
Azad edilmiş ərazilərin deputatları: Prezidentin əsas məqsədi Qarabağın dünyanın gözəl bölgələrindən birinə çevrilməsidir

"Hazırda Azərbaycan xalqı böyük qayıdış dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə böyük bərpa və quruculuq işləri sürətlə həyata keçirilir. İşğaldan azad olunduqdan sonra qısa müddətdə bu ərazilər minalardan təmizlənib, elektrik və su təchizatı yüksək səviyyədə həyata keçirilib, dəmir və avtomobil yollarının çəkilişinə başlanılıb".

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatı, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu ərazilərə davamlı səfərlər edərək burada həyata keçirilən layihələrlə yaxından tanış olur, prosesi bilavasitə xüsusi diqqət və nəzarətində saxlayır:

"Prezident İlham Əliyev növbəti belə səfəri Ağdama etdi. O, Ağdama səfər çərçivəsində bir sıra mühüm obyektlərin təməlini qoydu. Bunlar sırasında özünəməxsus yeri olan layihələrdən biri də bölgə əhalisi üçün yaşayış komplekslərinin inşasıdır. Bu cür layihələr işğaldan azad olunmuş ərazilərin sakinləri üçün xüsusi əhəmiyyət daşıyır. 30 il idi ki, insanlarımız səbirsizliklə bu günü gözləyirdilər. Nəhayət həmin gün yetişdi. Artıq yaxın vaxtlarda insanlarımız öz doğma yurdlarına köçəcək, bu yerlərdə həyat yenidən öz axarına qayıdacaq. Bu hisslər təsvir olunmazdır. Burada önəmli məsələlərdən biri də yaşayış binalarının inşası ilə yanaşı yeni zavod və fabriklərin təməlinin qoyulmasıdır. Qarşıda duran mühüm məsələlərdən biri işğaldan azad olunmuş ərazilərdə yeni iş yerlərinin yaradılmasıdır. Respublikanın müxtəlif bölgələrində məskunlaşan insanlarımız hazırda müxtəlif qurumlarda çalışırlar. Onların öz doğma yurdlarına qayıdan zaman işlə təmin olunması çox önəmlidir. Ona görə bütün işlər paralel aparılır".

"Prezident səfər zamanı xüsusi qeyd etdi ki, iş adamları da prosesdə fəal olmalıdırlar. Qarabağa qayıdış, bu prosesin iştirakçısı və tərkib hissəsi olmaq həqiqətən çox qürurvericidir. Qarabağdan olan iş adamları bu prosesə töhfə verməyə hazırdırlar. Prezident siyasətinə önəmli yer tutan məsələlərdən biri də milli-mənəvi dəyərlərimizə diqqət və qayğıdır. Bərpa işlərinin tərkib hissəsi olan Ağdam Cümə məscidində bərpa işləri sürətlə aparılır. Tezliklə bu məscid də bərpa olunaraq dindar vətəndaşlarımızın istifadəsinə veriləcək. Proseslərin gedişatı göstərir ki, işğaldan azad olunmuş ərazilərdə quruculuq və abadlıq işləri çox sürətlə aparılır. Tezliklə insanlarımız öz doğma yurdlarına qayıdacaqlar. Bu ərazilər dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək. Prezident İlham Əliyevin əsas hədəf və məqsədi də budur", - deputat vurğulayıb.

Milli Məclisin 121 saylı Laçın seçki dairəsindən deputatı, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın azad edilmiş ərazilərə qısa müddət ərzində bir neçə dəfə səfər etdiyini vurğulayıb:

“Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər dəfə həmin ərazilərə səfərləri zamanı bir sıra mühüm obyektlərin açılışlarında, təməlqoyma mərasimlərində iştirak edirlər. Bildiyiniz kimi, Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa etdikdən dərhal sonra azad edilmiş ərazilərdə quruculuq işlərinə başlayıb və bu proses hazırda da geniş miqyasda davam edir. Təbii ki, bu da Azərbaycan dövlətinin iqtisadi gücündən və həmin əraziləri bərpa etmək niyyətindən, qətiyyətindən xəbər verir. Eyni zamanda bu mühüm tədbirlərin həyata keçirilməsi həmin ərazilərdən 30 il məcburi köçkün həyatına məhkum olunmuş insanların doğma yurd-yuvalarına qovuşması ilə bağlı ümidlərini artırır".

Deputat xatırladıb ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən gün Ağdama səfər edib:

"Prezident və xanımı səfər çərçivəsində bir sıra obyektlərin, yeni yaşayış kompleksinin təməlinin qoyulması mərasimində iştirak ediblər. Həmin yaşayış kompleksin tikintisinin isə gələn ilin dekabrında başa çatdırılması nəzərdə tutulub. Vətən müharibəsində qələbə müjdəsini Azərbaycan xalqına çatdırmaq üçün tarixi müraciətində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ifadə etdiyi “Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq” ifadəsi Ağdam rayonunda yeni yaşayış kompleksinin təməlinin qoyulması ilə bir daha təsdiqini tapır. Hesab edirəm ki, otuz ilə yaxın müddətdə doğma yurd-yuvalarına qovuşmaq həsrəti ilə yaşayan ağdamlılar üçün bu yaşayış kompleksinin təməlinin qoyulması onları bu arzularına daha da yaxınlaşdırır. Belə tədbirlərin həyata keçirilməsi həm də onu sübut edir ki, işğaldan azad edilən torpaqlar tarixi Azərbaycan əraziləridir və dövlətimiz öz ata-baba yurduna sahib çıxır. Əminəm ki, bu ərazilər ən müasir formada inşa ediləcək və insanlar öz doğma yurdlarına qayıdacaqlar”.

Son xəbərlər

Orphus sistemi