Azad Cəbrayıl: Daha yaxşı gələcəyə ümid və ya həyat öz sözünü deyir!

Azad Cəbrayıl: Daha yaxşı gələcəyə ümid və ya həyat öz sözünü deyir! Bundan sonra burada top və minaatanların gurultusunu deyil, yalnız bayram atəşfəşanlığını eşitmək mümkün olacaq
Qarabağ
17 Oktyabr , 2021 11:00
Azad Cəbrayıl: Daha yaxşı gələcəyə ümid və ya həyat öz sözünü deyir!

Cəbrayıla səfər səhər saat 4-də başladı. Yuxulu, amma xoşbəxt halda Füzuli rayonunun Horadiz qəsəbəsinə doğru hərəkətə başladıq. Bu, Cəbrayıla ikinci səfər idi, amma ilk dəfə ordan yalnız tranzit kimi istifadə edib Zəngilana getdiyimizdən Cəbrayılda, demək olar, heç nə görməmişdik.

Cəbrayıl polis postundan başladı, sənədlər yoxlanıldıqdan sonra dünənlə bu gün - iyirmi səkkiz illik əzab ilə birləşmə arasında görünməyən sərhədi keçdik.

Gördüyümüz ilk şey vaxtilə düşmənə Cocuq Mərcanlı kəndini və Horadizi atəş altında saxlamağa imkan verən Lələtəpənin 271 metrlik yüksəkliyi oldu. Yüksəklik hələ 2016-cı ilin aprelində düşmən işğalından azad edilmişdi və indi o, Azərbaycan hərbçilərinin cəsarət abidəsidir.

Təpənin aşağısında süni torpaq maneələrinin arxasında yol gizlənir. Buradan düşmənin müdafiə xətti başlayırdı. Yolun solunda ucsuz-bucaqsız üzüm bağları var. Sarmaşıqlar hər yerdədir. Əbəs yerə Cəbrayılın rəmzi üzüm salxımı deyildi.

Rayonun inzibati mərkəzinə doğru irəliləyirik. Cəbrayıl xarabalıqlar sözünə sinonimdir. Elə ötən əsrin 90-cı illərində düşmən tərəfindən işğal edilmiş Ağdam, Zəngilan, Qubadlı və digər şəhər və rayonlar kimi.

İnsanlar nə qədər alçaqlıq etsələr də, təbiət yenə də öz sözünü deyir. Yol boyu hələ də parlaq mozaika şəklində qalan tikililərdən yalnız avtobus dayanacağını görmək olur. Güllə izləri görünür. Düşmənlər mozaika ilə əylənib, yoxsa divardakı hər deşik kiminsə yarımçıq qalmış həyatıdır? Yaxınlıqda nar ağacı var, bəlkə də qeyri-insani izləri gizlətmək istəyirdi. Ancaq irəli getmək lazımdır, irəlidə isə yenə də yol və xarabalıqlar, xarabalıqlar, xarabalıqlar var. Yolun kənarlarında düşmən tanklarının qalıqları var.

Paslanmış yol nişanı ağrılı-acılı keçmişin rəmzidir. Bəzi yaşayış məntəqələrinin adlarını oxumaq mümkün olur - Qubadlı, Zəngilan, Mincivan...

Yenə xarabalıqlar, “ehtiyatlı olun, minalı sahə” işarələri, təhlükəli işləri ilə məşğul olan istehkamçılar... Yavaş-yavaş ölümcül pis ruhların təmizlənməsi gedir.

Yol texnikası görünür - azad Qarabağa yaxşı yollar lazımdır.

Yol tikintisi ilə məşğul olanlarla söhbət etmək üçün dayanırıq. Məhz elə onlar bizə Azərbaycanın Fuğanlı kəndinin dağıdılmış və talan edilmiş qəbiristanlığını göstərdilər. Axı bu, necə mümkündür? Separatçılar qəbiristanlığı alt-üst ediblər, bütün məzar daşlarını məhv ediblər, qızıl axtarmaq məqsədilə bütün insan qalıqlarını dağıdıblar - kəllə sümükləri, insan sümüklərinin parçaları hər yerdə idi. Biz isə sadəcə sakitcə fotoaparatları “şıkkıldadırdıq”... Ardından maşında tam səssizlik hökm sürürdü.

...Və budur, Cəbrayıl şəhəri. Mənim üçün indi o, xarabalıqlarla deyil, həyatın davam etməli olduğunun rəmzi olan qızılgül kolları ilə assosiasiya olunur. Biz qayıtdıq. Müqəddəs müharibə bu rayona sülh gətirib, bundan sonra burada top və minaatanların gurultusunu deyil, yalnız bayram atəşfəşanlığını eşitmək mümkün olacaq. Evlərinə dönmüş yüzlərlə ailənin ocaqları yenidən alovlanacaq. Cəbrayıl daha yaxşı gələcəyə ümiddir.

Mətn və foto: Cavid Osmanov

Son xəbərlər

Orphus sistemi