Avropa Məhkəməsi azərbaycanlı məcburi köçkünlərin Ermənistana qarşı şikayəti üzrə yeni qərarını elan edib

Avropa Məhkəməsi azərbaycanlı məcburi köçkünlərin Ermənistana qarşı şikayəti üzrə yeni qərarını elan edib Qərara əsasən, Ermənistan hökuməti 3 ay ərzində şikayətçi olan məcburi köçkünlərin hər birinə 5 min avro təzminat ödəməlidir
Qarabağ
12 Dekabr , 2017 14:12
Avropa Məhkəməsi azərbaycanlı məcburi köçkünlərin Ermənistana qarşı şikayəti üzrə yeni qərarını elan edib

Bakı. 12 dekabr. REPORT.AZ/ İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatası Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı şikayəti üzrə yeni qərarını elan edib.

Avropa Məhkəməsinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, qərara əsasən, Ermənistan hökuməti 3 ay ərzində şikayətçi olan məcburi köçkünlərin hər birinə maddi və mənəvi ziyana görə 5 min avro kompensasiya ödəməlidir. 

Bundan başqa, Ermənistan şikayət üzrə hüquqi yardıma görə 28 min 642 funt sterlinq ödəməlidir.

Məhkəmənin Böyük Palatasının qərarına əsasən, əgər Ermənistan dövləti 3 ay müddətində məcburi köçkünlərin və onların vəkillərinin təzminatını ödəməsə, həmin məbləğin üzərinə əlavə faizlər (il ərzində 3 faiz) gələcək. 

Qeyd edək ki, 2005-ci ilin aprel ayında Laçın rayonundan olan məcburi köçkünlər - Elxan və Adışirin Çıraqovlar, Fəxrəddin Paşayev, Akif Həsənov, Ramiz və Qaraca Cəbrayılovlar Avropa Məhkəməsinə ərizə ilə müraciət edərək Ermənistan Respublikası tərəfindən işğal edilmiş Laçın rayonuna qayıtmaq və öz mülkiyyətindən istifadə etmək, öz evlərində yaşamaq imkanından məhrum olunmaları barədə şikayət ediblər.

Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanı təsdiq etdiyi və Avropa Məhkəməsinin yurisdiksiyasına daxil olduğu gündən, yəni göstərilən ərizə ilə bağlı icraat başlananadək həmin məhkəmədə məcburi köçkünlərin və qaçqınların hüquqlarının müdafiəsi məqsədi ilə Azərbaycan hökuməti zəruri tədbirlər görməyə başlayıb. Ermənistanın işğalçı siyasətini, Dağlıq Qarabağda cinayətkar rejiminə hərbi, iqtisadi, siyasi, inzibati və digər dəstəyi barədə kifayət qədər sübutlar toplanıb.

2015-ci ilin iyunun 16-da Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası azərbaycanlı məcburi köçkünlərin şikayəti üzrə qərarını açıqlayıb. Qərarda qeyd olunub ki, öz əmlaklarına sahib çıxmaq hüququndan məhrum olunan məcburi köçkünlərin hüquqları pozulub.

Lakin maddi təzminatla bağlı hissə sonraya saxlanılmışdı. 

Son xəbərlər

Orphus sistemi