Bakı. 23 iyun. REPORT.AZ/ “Avropa İttifaqı gərginliyin azaldılmasını, dözümlülüyə fəaliyyətdə və sözdə əməl edilməsini gözləyir”.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Xarici siyasət xidmətinin mətbuat katibi Maya Kosyançiç son günlər təmas xəttində ermənilər tərəfindən atəşkəsin pozulması nəticəsində yaranan gərginliyə münasibət bildirərkən deyib.
O qeyd edib ki, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli və atəşkəs rejiminə əməl edilməsi ilə bağlı dəfələrlə bəyanat veriblər: “Avropa İttifaqı Minsk qrupu həmsədrlərinin səylərini tamamilə dəstəkləyir, onların iyunun 19-da münaqişə bölgəsində və Azərbaycan-Ermənistan sərhədində gərginliyin azaldılması çağırışına, eləcə də mövcud danışıqlara məsuliyyət və siyasi iradə ilə yenidən qoşulur”.