Bu gün - iyulun 12-də Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçusu Hüseyn Yusifovun doğum günüdür.
“Report” xəbər verir ki, şəhidin 19-cu doğum günü münasibətilə doğma yurdu Ağstafa rayonunun Poylu kəndində tədbir keçirilib.
Hüseyn Yusifovun ad günü onun adına tikilmiş şəhid bulağı yanında qeyd olunub.
Tədbirdə şəhidin yaxınları, dostları, onun təhsil aldığı təhsil müəssisəsinin müəllim heyəti, eləcə də kənd sakinləri iştirak ediblər.
Şəhidin Poylu kəndindəki adına olan bulaq ziyarət olunaraq xatirəsi anılıb, ruhuna dualar oxunub.
Mərasimdə S.Məmmədov adına Poylu kənd orta məktəbinin müəllimi Xəyalə Rüstəmova şəhidin qəhrəmanlığından və vətənpərvərliyindən söz açıb. Bildirib ki, Hüseyn Yusifov Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb, bir sıra uğurlu əməliyyatlarda fəal iştirak edib.
Həmçinin tədbirdə Poylu kənd bağçasının hazırladığı kompozisiya nümayiş etdirilib.
Qeyd edək ki, 2002-ci il iyulun 12-də anadan olmuş Yusifov Hüseyn İsaq oğlu Vətən müharibəsində Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. O, sonuncu dəfə ailəsi ilə 2020-ci il sentyabrın 29-da danışıb. Həmin vaxtdan əsgərin taleyi barədə məlumat əldə etmək mümkün olmayıb. Ötən il dekabrın 25-də onun şəhid olduğu məlum olub. Dekabrın 26-da Hüseyn Yusifov Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib.


















