Ağstafada şəhidin anım mərasimi keçirilib

Ağstafada şəhidin anım mərasimi keçirilib Ağstafada Dövlət Sərhəd Xidmətinin (DSX) şəhid giziri Məhəmmədəli Ələkbərovun xatirəsi yad edilib.
Qarabağ
174
22 Oktyabr , 2021 16:50
Ağstafada şəhidin anım mərasimi keçirilib
0 : 00
0 : 00

Ağstafada Dövlət Sərhəd Xidmətinin (DSX) şəhid giziri Məhəmmədəli Ələkbərovun xatirəsi yad edilib.

“Report”un məlumatına görə, anım mərasimi şəhidin vaxtilə yaşadığı rayonun Poylu kəndində keçirilib.

Tədbirdə DSX-nin və Ağstafa rayonunun rəsmiləri, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Mərasimdə M.Ələkbərovun döyüş yolundan danışılıb, onun İkinci Qarabağ müharibəsində nümayiş etdirdiyi qəhrəmanlıq və şücaətdən bəhs olunub.

Daha sonra tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.

Siracəddin Məmmədov adına Poylu kənd orta məktəbinin şagirdləri şəhid haqqında hazırladıqları bədii kompozisiyanı nümayiş etdiriblər.

Qeyd edək ki, Məhəmmədəli Bayram oğlu Ələkbərov 1990-cı il sentyabrın 20-də Ağstafa rayonunun Poylu kəndində anadan olub. 1996-2007-ci illərdə Siracəddin Məmmədov adına tam orta məktəbdə təhsil alıb. 2008-2010-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildə DSX-də xidmətə qəbul olunub. M.Ələkbərovun ilk xidmət yeri Lənkəran Sərhəd Dəstəsinin 4-cü sərhəd zastavası olub. Burada çalışqanlığı, xidmətə münasibəti ilə seçilib.

2015-2016-ci illərdə DSX-nin Tədris Mərkəzində, çevik hərəkət taborunda müxtəlif vəzifələrdə xidmət edib. 2019-cu ildən isə DSX-nin Çevik Hərəkat Dəstəsində (ÇHD) xidmətə başlayıb. O, cəlb olunduğu təlimlərdə bilik və bacarığını təkmilləşdirib. Fiziki cəhətdən sağlam və güclü olan M.Ələkbərov ona verilən ən çətin döyüş tapşırıqlarının öhdəsindən məharətlə gəlib.

O, hərbidə qulluq etdiyi müddətdə "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı və "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.

M.Ələkbərov Vətən müharibəsi zamanı ÇHD-nin tərkibində Füzuli və Cəbrayıl rayonları istiqamətlərində bir sıra yaşayış məntəqələrimizin, Hadrut qəsəbəsinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.

O, 2020-ci il oktyabrın 20-də Zəngilan şəhərinin azad olunması əməliyyatları zamanı düşmən postlarının məhv edilməsində xüsusilə fərqlənib. Bir gün sonra - oktyabrın 21-də işğaldan azad olunan Zəngilan şəhərinə düşmənin əks-hucumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Oktyabrın 22-də isə Ağstafa rayonunun Poylu kənd qəbiristanlığında dəfn edilib.

Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən, M.Ələkbərov ölümündən sonra “Zəngilanın azad olunmasına görə”, “Vətən uğrunda” medalları və "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi