Yuxarı

​Yure Meqliç: "Ağrılarım məni dayandırmayacaq"

İdmançımız məşq və səhhəti ilə bağlı problemlərin ona maneçilik törətməyəcəyini bildirib

Bakı. 7 avqust. REPORT.AZ/ Bu gün Azərbaycan idmanı tarixində ilk dəfə kanoe-slalomçu Yure Meqliç olimpiadada çıxış edəcək.

"Report"un məlumatına görə, 32 yaşlı idmançı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 1 nəfərlik kayak qayığı (K-1) ilə müəyyən zaman kəsiyində qapı formalı maneələri axar suada daha tez və minimum cərimə xalları ilə keçməyə çalışacaq.

Debütü öncəsi Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi saytına açıqlama verən Meqliç məşq və səhhəti ilə bağlı problemlərinin ona maneçilik törətməyəcəyini bildirib: "Bir neçə gün öncə Rio-de-Janeyroda məşqimiz baş tutmadı. Nasos və elektrik verilişi ilə bağlı problemlər var idi. Amma bu, mənim üçün yaxşı oldu. Çünki boynumdakı ağrılar üzündən onsuz da məşqi buraxmalı idim. Ağrılar artıq get-gedə aradan qalxır.

Ötən gün səhər məşqinə çıxdım və suyun verilişi normal idi. Ağrılarım olsa da, yürüşün yaxşı keçəcəyinə ümidvaram. Ağrılarım məni dayandırmayacaq".

Qeyd edək ki, əvvəlcə 1 nəfərlik kayak qayığı (K-1) ilə seçmə mərhələdə 2 keçid edəcək. İlk keçid saat 20:42-də, ikincisi isə saat 22:42-də başlanacaq. Ümumilikdə 21 idmançıdan ən yüksək nəticələr göstərəcək 15-i avqustun 10-da saat 20:30-da başlanacaq yarımfinala, onlardan isə 10-u həmin gün saat 22:15-də başlanacaq finala yüksələcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi