Yuxarı

​Teymur Məmmədov: "Bayraqdar olmaq mənim üçün fəxrdir" - MÜSAHİBƏ

Boksçu olimpiadaya hazırlıq planından danışıb

Bakı. 25 iyun. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanı 81 kq çəkidə təmsil edəcək boksçu Teymur Məmmədovun "Report"a müsahibəsi

- "Bakı 2015" I Avropa Oyunlarında qızıl medal, indi də Rio-2016-ya lisenziya qazandın. Təəssüratların necədir?

- Çox xoşbəxtəm ki, buna nail oldum. Məqsədim Rio-de-Janeyroya yollanmaq idi və istədiyimə çatdım. İndi isə olimpiadada Azərbaycan bayrağını yüksəklərə qaldırmaq istəyirəm və inanıram ki, buna nail olacağam.

- Rəqib rinqə çıxmadı və lisenziya sənin adına yazıldı. Bunu gözləyirdin?

- Bunu gözləmirdim. Mən döyüşə hazırlığımı davam etdirirdim. Sonra öyrəndim ki, rəqib rinqə çıxmayacaq. Bu idmandır, zədə də olur, yarışa da çıxa bilmirsən.

- Rio-2016-da Azərbaycanın bayrağını sən qaldıracaqsan...

- Bayraqdar olmaq mənim üçün çox böyük fəxrdir və çox xoşbəxtəm. Çalışacağam ki, ümidləri doğruldum.

- Maraqlı məqam var ki, olimpiadanın bayraqdarları uğur qazana bilmir. Bu sindrom səni qorxutmur?

- Bu, idmançıdan asılıdır. Yarışlara yaxşı hazırlaşmaq lazımdır. Bütün gücümlə çalışacağam ki, Azərbaycanın bayrağını dalğalandırım.

- Hazırlıq planları məlumdur?

- Gələn həftənin əvvəlində Amerikaya gedəcəyik. Təxminən 20 gün orada hazırlıq keçdikdən sonra Bakıya qayıdacağıq və daha sonra Rio-de-Janeyroya yollanacağıq. Bir az tez gedəcəyik ki, oradakı ab-havaya öyrəşək, uyğunlaşaq.

- Boksçularımızın medal şanslarını necə dəyərləndirirsən?

- Bizim komanda çox güclüdür. Hər birinə inanıram və uğurlar arzulayıram.

- Rəqiblər haqda nə düşünürsən?

- Mənim üçün bütün rəqiblər güclüdür. Yəni filan idmançı zəifdir, onunla döyüşmək istəyirəm deyə bir şey yoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi