Bakı. 16 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən yunan-Roma güləşçisi Rəsul Çunayev yarımfinal görüşünə çıxıb.
"Report"un məlumatına görə, 66 kq çəki dərəcəsində çıxış edən 25 yaşlı idmançının rəqibi ermənistanlı Miqran Arutyunyan olub.
Görüşün ilk hissəsində Arutyunyan tətbiq etdiyi 4 xallıq fəndlə hesabda irəli çıxıb. Fasilədən sonra Çunayev rəqibindən 1 xal alsa da, məğlubiyyətdən yaxa qurtara bilməyib.
Beləliklə, Azərbaycan təmsilçisi bürünc medal uğrunda təsəlliverici görüşə qatılacaq.
*** 18:36
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən yunan-Roma güləşçisi Rəsul Çunayev yarımfinala yüksəlib.
"Report"un məlumatına görə, 25 yaşlı idmançı 66 kq çəki dərəcəsində 1/4 final görüşünü də qələbə ilə başa vurub.
O, əlcəzairli Rəsul Tarek Benessanı vaxtından əvvəl təmiz qələbə ilə məğlub edib - 10:2.
Yarımfinalda onun rəqibi Miqran Arutyunyan (Ermənistan) olacaq.
*** 18:01
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən yunan-Roma güləşçisi Rəsul Çunayev növbəti görüşünə çıxıb.
"Report"un məlumatına görə, 66 kq çəki dərəcəsində yer alan 25 yaşlı idmançının 1/8 finaldakı rəqibi rusiyalı olimpiya çempionu İslambek Albiyev olub.
Təmsilçimiz görüşün gedişində 0:2 hesabı ilə məğlub durumda olmasına baxmayaraq, 3:2 hesablı əzmkar qələbə qazanıb və bununla da 1/4 finala yüksəlib.
R.Çunayevin növbəti mərhələdə rəqibi Əlcəzair idmançısı Tarek Əziz Benaissa olacaq.
*** 17:11
Bakı. 16 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən yunan-Roma güləşçisi Rəsul Çunayev ilk görüşünə çıxıb.
"Report"un məlumatına görə, 66 kq çəki dərəcəsində yer alan 25 yaşlı idmançının 1/16 finala təsadüf edən ilk görüşdəki rəqibi kubalı Migel Martines Palasio olub.
İlk hissədə Çunayev rəqibinə 2 xal qazanmaq imkanı versə də, ikinci hissədə 4 xallıq fəndlə önə keçib. Nəticədə o, 4:2 hesabı ilə qalib gələrək, 1/8 finala yüksəlib.
Qeyd edək ki, Rəsul Çunayevin növbəti rəqibi rusiyalı olimpiya çempionu İslambek Albiyev olacaq.