​Milli komandanın baş məşqçisi: "Olimpiadaya bu gərgin rəqabətdən qələbəylə ayrılan idmançılar gedəcək”

​Milli komandanın baş məşqçisi: "Olimpiadaya bu gərgin rəqabətdən qələbəylə ayrılan idmançılar gedəcək” C.Xeyrəbadi qarşıdakı mötəbər turnirlərin bəzilərində gənc güləşçiləri də sınaqdan keçirmək fikrindədir
Fərdi
19 Oktyabr , 2015 19:10
​Milli komandanın baş məşqçisi: Olimpiadaya bu gərgin rəqabətdən qələbəylə ayrılan idmançılar gedəcək”

Bakı. 19 oktyabr. REPORT.AZ/ "Azərbaycan güləş tarixində ilk dəfə Dünya Kuboku turnirinin qalibi olduq. İndi isə qarşıdakı yarışlara hazırlaşırıq. Federasiya rəhbərliyinin yaratdığı şərait, gərgin məşqlər və Azərbaycan xalqının dəstəyilə hələ çox uğurlara imza atacağımıza ümid edirəm". "Report"un məlumatına görə, bunu yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisi Cəmşid Xeyrəbadi deyib.

O bildirib ki, qarşıdakı mötəbər turnirlərin bəzilərində gənc güləşçiləri də sınaqdan keçirmək fikrindədir: "Dünya çempionatında idmançılarımız yaxşı çıxış etdilər. Las Veqasda medal qazanan güləşçilərimiz də bilir ki, onların 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına yollanmaları qətiləşməyib. Çalışacağıq ki, Braziliyaya ən güclü idmançılar getsin. Odur ki, heç kimdə arxayınlıq yaranmamalıdır. Həm hazırlıq prosesində, həm də qarşıdan gələn yarışlarda onları yoxlamaq imkanımız olacaq. Olimpiadaya bu gərgin rəqabətdən qələbəylə ayrılan idmançılar gedəcək”.

Sərbəst güləş yığmamızın baş məşqçisi Saypulla Absaidov ilin sonu və qarşıdakı il üçün əsas hədəfin olimpiadaya hazırlıq və dördilliyin zirvə yarışında uğurlu çıxış olduğunu bildirib: "Azərbaycan güləşçiləri onlara göstərilən etimadın məsuliyyətini dərk edirlər. Hətta istirahət vaxtı da müəyyən proqramlar üzrə məşqlərini davam etdiriblər. Buna görə də hazırda yaxşı formadadırlar. Bilirsiniz ki, qarşıda duran əsas tapşırığımız Rio-2016-ya maksimum lisenziya qazanmaq və Braziliyada uğurla çıxış etməkdir. Elə indidən məşqlərimizi elə qururuq ki, Yay Olimpiya Oyunlarına qədər hamı optimal formada olsun”.

Qadın güləşi üzrə millinin baş məşqçisi Semyon Çterev də məşqlərin yüksək səviyyədə keçdiyini və qarşıdakı yarışlarda gənc qızlara şans verəcəklərini bildirib: "Qızlarımız səylə hazırlaşırlar. Məşqlərimiz yüksək səviyyədə davam edir. Olimpiya Oyunlarına 3 lisenziya qazanmışıq. Ancaq bunların sayını artırmaq niyyətindəyik. Heyətdə perspektivli güləşçilərimiz var. Onlara böyük ümidlər bəsləyirik. Düşünürəm ki, yaradılan bu cür şərait qarşılığında yüksək hədəflər uğrunda mübarizə aparmağa borcluyuq. Qarşıda bir sıra turnirlər olacaq. Bunların hamısında əsas heyətlə çıxış etməyəcəyik. Bəzi gənc qızlarımızı da yoxlamaq istəyirik”.

Qeyd edək ki, hər üç komandanın üzvləri noyabrın 6-8-də Rusiyanın paytaxtı Moskvada keçiriləcək Avropa Millətlər Kubokunda, noyabrın 27-29-da isə Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran Pri"nin final mərhələsində qüvvələrini sınayacaqlar. Təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn yarışlara hazırlıqlar Olimpiya Güləş Mərkəzində davam etdirir.

Son xəbərlər

Orphus sistemi