Yuxarı

İlham Zəkiyev: "Yay Paralimpiya Oyunlarının Açılış mərasimi üçün sürpriz hazırlamışıq"

Bütün gücümüzü səfərbər edəcəyik

Bakı. 30 avqust. REPORT.AZ/ "Olimpiyaçılarımızın qoyduğu zəfər ab-havasını paralimpiyaçılar davam etdirməyə çalışacaq. Bütün gücümüzü səfərbər edəcək və çağışacağıq ki, öz qələbələrimizlə xalqımızı sevindirək". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Avropa çempionu, "Bakı 2015" I Avropa Oyunlarının qalibi, Paralimpiya Oyunlarının ikiqat qızıl medalçısı İlham Zəkiyev deyib.

İ.Zəkiyev bir neçə gündən sonra Braziliyanın Rio-de-Janeyro şəhərində startı veriləcək 2016-cı il Yay Paralimpiya Oyunlarında Azərbaycanın bayraqdarı olması ilə bağlı bunları bildirib: "Yenə bu iş mənə həvalə olundu. Çalışacağam ki, belə şərəfli işin öhdəsindən layiqincə gəlim. Əvvəlki Oyunlarda da bayraqdar olmuşam və bununla bağlı təcrübəm var. Bizim qızıl medalçılarımız ikiqat, ikiqat çempionlarımız üçqat paralimpiya çempionu adını qazanmağa çalışacaq. Çempion olmayan paralimpiyaçılarımız isə ilk qızıl medal qazanmağa çalışacaqlar".

O, hər kəsi sentyabrın 7-də keçiriləcək XXXI Yay Paralimpiya Oyunlarının açılış mərasiminə baxmağa çağırıb: "Orada bir sürpriz hazırlamışıq. Hər kəsi gec saatlarda da olsa, açılışa baxmağa dəvət edirəm. İnanıram ki, heç kim peşman olmayacaq".

Qeyd edək ki, Paralimpiya Oyunları 7 - 18 sentyabrda keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi