Yuxarı

İlham Əliyev: "Azərbaycan idmançıları Rio Olimpiya Oyunlarında möhtəşəm və tarixi qələbə qazanıb"

Medalların sayına görə komanda 14-15-ci yerləri bölüşür

Bakı. 2 sentyabr. REPORT.AZ/ "Rio Yay Olimpiya Oyunlarında Azərbaycan komandası möhtəşəm və tarixi qələbə qazanıb. Bu qələbə münasibətilə idmançılarımızı və bütün Azərbaycan xalqını bir daha təbrik edirəm".

"Report" xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşdə deyib.

Ölkə başçısı bildirib ki, bu, tarixi qələbədir: "Azərbaycan idmançıları Rio Olimpiya Oyunlarında 18 medal qazanıblar. Bu, rekord göstəricidir. Onlardan 1-i qızıl, 7-si gümüş, 10-u isə bürünc medaldır. Bu, onu göstərir ki, Azərbaycan doğrudan da idman dövlətidir. Mən bunu dəfələrlə bildirmişəm. Bir daha demək istəyirəm, həyat və idmançılarımızın nəticələri bunu bir daha təsdiqləyir. Medalların sayına görə Azərbaycan komandası 14-15-ci yerləri bölüşür. Avropa ölkələri arasında 7-ci, keçmiş Sovet İttifaqı respublikaları arasında 2-ci, müsəlman ölkələri arasında isə 1-ci yerdədir. Bu möhtəşəm qələbə bütün Azərbaycan xalqını sevindirir. Azərbaycan xalqı öz idmançıları ilə fəxr edir və mən sizi bu gözəl qələbə münasibətilə bir daha ürəkdən təbrik edirəm.

Azərbaycan idman dövlətidir. Biz məqsədyönlü şəkildə idman siyasətimizi apararaq, bu gözəl nəticələrə nail ola bilmişik. İlk dəfə Azərbaycan müstəqil dövlət kimi 1996-cı ildə Yay Olimpiya Oyunlarında iştirak etmişdir. O vaxt bizim cəmi 1 medalımız var idi. Ondan sonra hər Olimpiadada biz nəticələrimizi artırırdıq - 2000-ci ildə 3, 2004-cü ildə 5, 2008-ci ildə 7 və 2012-ci ildə 10 medal qazanmışdıq. Biz hesab edirdik ki, bu, böyük nəticədir və doğrudan da belədir. Çünki Yay Olimpiya Oyunlarında dünyanın ən qabaqcıl idmançıları iştirak edirlər və orada medal qazanmaq o qədər də asan deyil. Ancaq bu dəfə 18 medal əldə etməyimiz, əlbəttə, onu göstərir ki, son 4 ildə də Azərbaycan idmanı sürətlə inkişaf edib.

Biz güclü idman dövlətləri arasındayıq. Biz bütün dünyaya göstəririk ki, Azərbaycanda idman inkişaf edir, gözəl gənc nəsil yetişir və idman hər bir ölkənin ümumi inkişafının təzahürüdür. Əgər qabaqcıl idman ölkələrinə nəzər salsaq görərik ki, onların mütləq əksəriyyəti inkişaf etmiş ölkələrdir. Çünki inkişaf etmiş ölkələrdə idmana daha da böyük dəstək göstərilir, bunun üçün daha da böyük maliyyə imkanları var, idmançılar üçün şərait daha da yaxşıdır və əlbəttə ki, nəticələr də özünü göstərir. Uğurlu iqtisadi inkişafımız və düşünülmüş siyasətimiz Azərbaycanı da dünya idman elitasının sıralarına daxil edib. Bu, məni çox sevindirir. Çünki bilirsiniz ki, idman mənim həyatımda mühüm rol oynayır. Mən 19 ildir ki, Milli Olimpiya Komitəsinin prezidentiyəm və bu missiyanı icra edirəm. Yadımdadır, 1997-ci ildə Azərbaycan idman ictimaiyyəti mənə bu etimadı göstərəndə ölkə idmanı o qədər də yaxşı vəziyyətdə deyildi. İdmançılarımız ölkəmizi tərk edirdi, bəzi idmançılarımız düz yolda deyildilər. Bu da həqiqətdir. İdmana qayğı göstərmək üçün bizim o qədər də maliyyə imkanlarımız yox idi. Bundan əlavə, idmana rəhbərlik edən qurumlar arasında da birlik yox idi.

Mənim yadımdadır, o vaxt Milli Olimpiya Komitəsi ilə İdman Nazirliyi arasında demək olar ki, intriqalar gedirdi, qarşıdurma yaranmışdı. Əlbəttə ki, bu, idmanın inkişafına çox mənfi təsir göstərmişdir. Mənim əsas vəzifəm, - o vaxt mən bunu açıq şəkildə ifadə etdim, - ondan ibarət idi ki, idmana rəhbərlik edən qurumlar arasında birlik yaransın, biz vahid komanda kimi fəaliyyət göstərək, idmançılara şərait yaradaq və ondan sonra idmançılardan nəticə gözləyək. Çünki əgər şərait yoxdursa, nəticə gözləmək mümkün deyil və biz bu siyasəti ardıcıl şəkildə apararaq bugünkü gözəl nəticələrə gəlib çatmışıq.

Bizim idmançılarımız müxtəlif beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında həmişə böyük nəticələr qazanırlar. Gənc idmançılarımız bizi sevindirir, gənc nəsil yetişir. Bu da çox vacib məsələdir. Çünki əgər gənc nəsil idmana meyilli olmasa, idmanla məşğul olmasa, onda əlbəttə ki, böyük uğurlardan söhbət gedə bilməz. Gənc nəsli idmana cəlb etmək üçün ilk növbədə şərait olmalıdır. Biz bunu yaradırıq. Qırxdan çox şəhərimizdə müasir olimpiya kompleksi açılıbdır. Digər stimul, əlbəttə ki, tanınmış idmançılarımızın qələbələridir. Uşaqlar, yeniyetmələr, idmanla məşğul olanlar, yaxud da ki, olmaq istəyənlər indi bizim çempionlarımıza baxırlar, onların uğurlarına sevinirlər və onlar kimi olmaq istəyirlər. Yəni, bütün bu amillər idmanın inkişafına xidmət göstərir. Ona görə, biz öz siyasətimizi apararkən bütün bu amilləri nəzərə alırdıq. İdmançılara şərait yaradılmalı, idmançının ləyaqətli adı cəmiyyətdə bərpa edilməli idi, onu da biz etdik. İdmançılarımızın təlim-məşq toplanışlarının təşkili məsələlərində lazımi addımlar atılmışdır. İdman mütəxəssisləri cəlb edildi, məşqçi heyət gücləndirildi və əlbəttə ki, nəticə də göz qabağındadır. Əgər bütün bu tədbirlər olmasaydı, nəticə gözləmək əlbəttə ki, mümkün olmazdı.

Bu gün isə Azərbaycan özünü dünyada idman dövləti kimi göstərir. Rio Olimpiya Oyunları, eyni zamanda, onu göstərib ki, əvvəlki dövrlərdə qazandığımız uğurlar təsadüfi deyildir. Keçən il Bakıda tarixdə ilk dəfə olaraq birinci Avropa Oyunları keçirilmişdir. Azərbaycan atletləri komanda hesabında ikinci yeri tutmuşlar. Bəziləri buna təəccüblə yanaşırdılar. Yəni, bəzi idman mütəxəssisləri üçün bu, bir sürpriz idi. Hesab edirdilər ki, doğma divarlar arasında bizim idmançılara yəqin, hansısa xüsusi bir şərait yaradılmışdı. Halbuki bu, belə deyil. Hətta Bakıda keçirilmiş Avropa Oyunlarında da hakimlərin ədalətsizliyi bəzi hallarda idmançılarımıza mane olurdu. Necə ki, bu dəfə Rioda bizim qızıl medallarımızın sayı daha çox olmalı idi. Bunu siz də yaxşı bilirsiniz, Azərbaycan ictimaiyyəti də və idmanla maraqlananlar da bilirlər. Rio Olimpiya Oyunlarının nəticələri onu göstərir ki, Avropa Oyunlarındakı nailiyyət təsadüfi deyildir.

Biz doğrudan da idman dövlətiyik. Biz bütün reytinqlərə görə qabaqcıl yerlərdəyik. Yay Olimpiya Oyunlarından sonra bir neçə parametr üzrə təhlil aparılmışdır - ölkələrin əhalisinin sayına görə medalların sayı və ölkələrin ümumi daxili məhsulunun həcminə görə medalların sayı. Hər iki reytinqdə biz birinci onluqdayıq. İştirak edən idmançıların medallarının sayına görə isə biz birinci yerdəyik. Biz Olimpiadada 56 idmançı ilə təmsil olunmuşuq, 18 medal qazanmışıq. Yəni, bu meyar üzrə biz dünyada birinciyik. Bir daha sizi bu gözəl hadisə, gözəl nəticələr münasibətilə təbrik edirəm.

Əlbəttə, oyunların nəticələri təhlil ediləcək ki, gələcəkdə biz daha da yaxşı nəticə gözləyə bilək. Düzdür, hər Yay Olimpiya Oyunlarından sonra idmançılarla görüşlər zamanı mən qeyd edirəm ki, bu, çox böyük nəticədir, bundan böyük nəticə əldə etmək çətin olacaq. Xatırlayıram, 4 il bundan əvvəl idmançılarımız Londondan qaydandan sonra da demişdim ki, 10 medal qazanmışıq, gələn dəfə ondan çox medal qazanmaq çətin olacaq. Amma indi 18 medal qazanmışıq və əlbəttə ki, bu, bizim işimizi Tokioda bir az çətinləşdirəcək. Amma buna baxmayaraq əminəm ki, Tokioda da Azərbaycan idmançıları ölkəmizi ləyaqətlə təmsil edəcəklər.

Əlbəttə, hər bir ölkə, hər bir ölkənin əhalisi, xalqı istəyir ki, onun idmançıları daha çox medal qazansın. Biz də bunu istəyirik. Ancaq bununla bərabər biz istəyirik ki, Azərbaycanda idman kütləvi xarakter alsın. Artıq bu istiqamətdə çox önəmli addımlar atılıbdır. İdmanın kütləviliyi insanların sağlamlığı, sağlam həyat tərzi deməkdir. Bizim idmançılarımız, - mən görkəmli idmançılarımızı, çempionlarımızı nəzərdə tuturam, - özlərini məişətdə də, döyüş meydanlarında da ləyaqətlə aparırlar. Rio Olimpiya Oyunlarında bəzi hallarda hakimlərin ədalətsizliyi və deyə bilərəm ki, saxtakarlığı ilə üzləşərək onlar emosiyalara yol vermədilər, özlərini ləyaqətlə apardılar. Onlar üçün bu, ən ağır mənəvi zərbə idi. Çünki onların qələbəsi bütün dünyanın gözü qarşısında kobudcasına, həyasızcasına, biabırcasına əllərindən alınıb. Amma görün bizim idmançılarımız özlərini necə ləyaqətlə aparırlar. Bu, onu göstərir ki, bizim idmançılarımızın çox güclü mənəvi dayaqları var. Onlar gənc nəsil üçün də nümunədirlər və onların davranışı, - mən onların fəaliyyətini də, həyatını da izləyirəm, - cəmiyyətdəki hərəkətləri bizi çox sevindirir. Onlar bizim gənc idmançılar üçün nümunədir, örnəkdir. Əminəm ki, gənc idmançılar burada oturan idmançılardan nümunə götürərək çalışacaqlar ki, onlar kimi olsunlar. Ona görə, idmanın cəmiyyətdə çox böyük rolu var. Bu, təkcə fiziki idman yarışı deyil. Bu, mənəviyyatdır. Bu, sağlam həyat tərzidir. Bu, ləyaqətdir. Öz gücünə əmin olan insan heç vaxt ondan gücsüzə qarşı zor tətbiq etməz. Bəli, özünü müdafiə etmək üçün lazımi cavab verə bilər və verməlidir. İdmanda da, həyatda da eynidir. Ancaq özü bunun təşəbbüskarı olmamalıdır və şadam ki, bizim idmançılarımız bax belə idmançılardır.

Siz Azərbaycan xalqını sevindirmisiniz. Rioda müstəqil Azərbaycan bayrağı 18 dəfə dalğalanıb. Xüsusilə nəzərə alsaq ki, bir aydan sonra biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik, bu, müstəqilliyimizin 25 illiyinə Azərbaycan idmançıları tərəfindən gözəl hədiyyədir. Bütün Azərbaycan xalqı sizinlə fəxr edir. Mən sizinlə fəxr edirəm. Sizə minnətdaram, sizə uğurlar arzulayıram, sizi öpürəm, bağrıma basıram! Eşq olsun Azərbaycan idmançılarına!

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi