Yuxarı

Xetaq Qazyumov Rio Olimpiadasını gümüş medalla başa vurub - YENİLƏNİB

O, finalda amerikalı rəqibinə məğlub olub

Bakı. 21 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Xetaq Qazyumov final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 97 kq. çəki dərəcəsində çıxış edən təcrübəli pəhləvanın rəqibi ABŞ təmsilçisi Kayl Frederik Snayder olub.

Görüş Snayderin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Qazyumov karyerasında üçüncü olimpiadanı 2 bürünc medaldan sonra "gümüş"lə başa vurub. Azərbaycanın 3 növ üzrə güləş yığması isə olimpiadanı rekord medalla başa vursa da, qızıl medal qazanmaq mümkün olmayıb.

Qeyd edək ki, hazırda Azərbaycan 1 qızıl, 7 gümüş, 10 bürünc medalla 38-ci pillədə qərarlaşıb..

***18:08

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Xetaq Qazyumov 1/2 final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 97 kq. çəki dərəcəsində çıxış edən dünya və üçqat Avropa çempionunun rəqibi ukraynalı Valeri Andreytsev olub.

Xetaq ilk hissədə 4, ikinci hissədə isə 7 xal qazanaraq rəqibini 11:0 məğlub edib və ilk dəfə olaraq Yay Olimpiya Oyunlarının finalına vəsiqə qazanıb. Finalda onun rəqibi amerikalı Kyle Frederick Snyder olacaq.

***17:38

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Xetaq Qazyumov 1/4 final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 97 kq. çəki dərəcəsində çıxış edən dünya və üçqat Avropa çempionunun rəqibi özbək Maqomed İbrahimov olub.

Birinci hissə 4:1 hesabı ilə Azərbaycan güləşçisinin xeyrinə tamamlanıb. İkinci hissədə rəqib Xetaqdan 3 xal ala bilib. Lakin Azərbaycan güləşçisi görüşün sonrakı dəqiqələrində inamlı oyun göstərərək 12:3 hesabı ilə qələbə qazanıb və adını yarımfinala yazdırıb.

***16:50

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Xetaq Qazyumov 1/8 final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 97 kq. çəki dərəcəsində çıxış edən dünya və üçqat Avropa çempionunun rəqibi iranlı Məhəmməd Əli Reza Yazdani olub.

Birinci hissə Azərbaycan güləşçisinin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. İkinci hissədə Xetaq Qazyumov rəqibə 1 xal verib və 2:1 hesabı ilə qələbə qazanıb.

***15:58

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Xetaq Qazyumov 1/16 final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 86 kq. çəki dərəcəsində çıxış edən dünya və üçqat Avropa çempionunun rəqibi polşalı Radoslav Baran olub.

Birinci hissə Azərbaycan güləşçisinin 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb. İkinci hissədə Xetaq Qazyumov rəqibə fənd tətbiq edərək daha 2 xal qazanıb və ümumi hesabda 3:0 qalib gəlib.

1/8 finalda onun rəqibi İran idmançısı Məhəmməd Əli Reza Yazdani olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi