Güləşçi Hacı Əliyev "Rio-2016"da bürünc medal uğrunda mübarizə aparacaq - YENİLƏNİB-2

Güləşçi Hacı Əliyev "Rio-2016"da bürünc medal uğrunda mübarizə aparacaq - YENİLƏNİB-2 O, ilk təsəlliverici görüşdə Nurislam Sanayevlə (Qazaxıstan) üz-üzə gələcək
Fərdi
19 Avqust , 2016 19:26
Güləşçi Hacı Əliyev Rio-2016da bürünc medal uğrunda mübarizə aparacaq - YENİLƏNİB-2

Bakı. 19 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Hacı Əliyev 57 kq çəki dərəcəsində bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq hüququ əldə edib. 

"Report"un məlumatına görə, səbəb ikiqat Avropa çempionunun 1/4 finalda uduzduğu Vladimir Xinceqaşvilinin finala yüksəlməsidir.

Əliyev ilk təsəlliverici görüşdə Nurislam Sanayevlə (Qazaxıstan) üz-üzə gələcək. Qalib gələcəyi təqdirdə, o, bürünc medal qazanmaq üçün Vladimir Dubovu (Bolqarıstan) məğlub etməlidir.

Qeyd edək ki, Hacı Əliyev Vladimir Xinceqaşviliyə 1/4 finalda 3:5 hesabı ilə uduzub.

*** 18:30

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Hacı Əliyev 1/4 final görüşünə çıxıb. 

"Report"un məlumatına görə, 57 kq çəki dərəcəsində çıxış edən ikiqat dünya çempionunun rəqibi gürcüstanlı Vladimir Xinceqaşvili olub.

İlk hissədə Əliyev minimal hesabla qalib gəlib. İkinci hissənin əvvəlində Xinceqaşvili iki arxayakeçmə fəndi ilə hesabda önə keçib - 4:1. Bundan sonra Azərbaycan güləşçisi eyni fəndi yerinə yetirərək, fərqi minimuma endirib. Sona doğru gözündən zədə alan Əliyevə həkim yardımı lazım gəlib. Görüşü davam etdirən 25 yaşlı pəhləvan sonda xal tətbiq etsə də, hakimlər bunu qeydə almayıblar. Nəticədə növbəti mərhələyə Xinceqaşvili yüksəlib. Əliyev isə bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq üçün gürcüstanlı pəhləvanın finaladək irəliləməsini gözləməlidir.

*** 17:41

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Hacı Əliyev ilk görüşünü keçirib. 

"Report"un məlumatına görə, 57 kq çəki dərəcəsində çıxış edən ikiqat dünya çempionunun 1/8 finaldakı rəqibi cənubi koreyalı Junsik Yun olub.

Görüş Əliyevin qələbəsi ilə yekunlaşıb - 12:2. 

Onun 1/4 finalda rəqibi Vladimir Xinçeqaşvili olacaq.

Son xəbərlər

Orphus sistemi