Yuxarı

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi: "Azərbaycanın yeni idman tarixi yazıldı"

Azərbaycan müstəqillik dövründə iştirak etdiyi olimpiadalarda ən çox medal qazandı

Bakı. 23 avqust. REPORT.AZ/ "İlk olaraq, hər kəsi təbrik edirəm. Ona görə ki, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmana diqqəti, Olimpiya Hərəkatına qoyulan sərmayə öz nəticəsini verdi". Bunu "Report"a açıqlamasında Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

Azərbaycanın Braziliyada qazandığı 18 medaldan söz açan R.Abbasov bunun ölkə idmanı adına böyük uğur olduğunu qeyd edib: "Azərbaycan müstəqillik dövründə iştirak etdiyi olimpiadada ən çox medalını qazandı. 1 qızıl, 7 gümüş və 10 bürünc medal əldə etdik. İlk dəfədir ki, Azərbaycan idmançıları 5 idman növsündə nəticə verdi. 56 idmançı ilə yarışa qatıldıq və 18 idmançımız nəticə verdi. Bu da təmsil olunan nümayəndə heyətinin sayına görə, çox yüksək göstəricidir. Medalların sayına görə 15, əyarına görə 39-cu yeri tutduq. 15-ci yerdəki göstəricimiz Avropada 7-ci, İslam ölkələrində 1-ci, MDB ölkələri arasında isə ikincidir. Azərbaycan idmanının taekvondo, avarçəkmə növü ilk dəfədir nəticə verir. Daha bir sevindirici hal ondan ibarətdir ki, ilk dəfə Olimpiya oyunlarına qatılıb nəticə verən idmançılarımız da var. Məsələn, Radik İsayev ilk cəhddən qızıl medal qazandı. Üstəlik, orada IV İslam Həmrəyliyi Oyunları ilə bağlı tədbir keçirildi. Nazir Azad Rəhimovun görüşləri zamanı hər bir qonaq "Bakı 2015" I Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkil olunduğunu dedi. Böyük qələbədir, qalibiyyət Azərbaycana yaraşır. Bununla da yeni idman tariximiz yazıldı".

Qurum rəhbəri medal qazanan idmançıların əksəriyyətinin paytaxtdan olduğunu da bildirib: "Bizim üçün hamısı doğmadır. Amma Toğrul Əsgərov Gəncə idmanının yetirməsidir, Fəridə Əzizova şimal bölgəsinin təmsilçidir, Cəbrayıl Həsənov cənub bölgəsindəndir. 56 idmançıdan böyük əksəriyyəti paytaxtdandır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi