Yuxarı

​Bu gün Rio Olimpiadasında Azərbaycanın 5 idmançısı mübarizə aparacaq

Onlar cüdo, atıcılıq, boks və atletika növlərində çıxış edəcəklər

Bakı. 12 avqust. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın 5 idmançısı mübarizə aparacaq.

"Report"un məlumatına görə, onlar cüdo, atıcılıq, boks və atletika növlərində çıxış edəcəklər.

Azərbaycanın cüdodakı sonuncu təmsilçisi olan Uşangi Kokauri 100 kq-dan yuxarı çəki dərəcəsində qüvvəsini sınayacaq. Bakı vaxtı ilə saat 17:00-dan etibarən start götürəcək 1/16 final mərhələsində onun rəqibi latviyalı Artur Nikiforenko olacaq.

Saat 19:15-də atıcı Ruslan Lunyov 25 metr məsafəyə sürətlə atəş açma yarışına qatılacaq. 26 iştirakçının çıxış edəcəyi yarışın ikinci mərhələsi 13 avqust saat 16:00-da, final mərhələsi isə saat 19:30-da start götürəcək.

Gecə saat 01:15-də boksçu Albert Səlimov 60 kq. çəki dərəcəsində fransalı Sofian Umiha ilə 1/4 final görüşünə çıxacaq. Qələbə təqdirində, Səlimov ən azı bürünc medalı təmin edəcək.

Saat 01:30-da daha bir boksçu Kamran Şahsuvarlı 75 kq. çəkidə 1/8 final döyüşündə rusiyalı Artyom Çebotaryovla üz-üzə gələcək.

Nəhayət, saat 03:40-da atletikanın çəkicatma növündə Anna Skidan mübarizəyə başlayacaq. "B" qrupunda yer alan Skidanın 15 rəqibi olacaq. "A" qrupunda da 16 atlet yer alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi