Boksçu Teymur Məmmədovun olimpiadada Azərbaycan yığmasının bayraqdarı olmasının detalları açıqlanıb

Boksçu Teymur Məmmədovun olimpiadada Azərbaycan yığmasının bayraqdarı olmasının detalları açıqlanıb İlham Mədətov: "Seçim onunla Toğrul Əsgərov arasından aparılıb"
Fərdi
24 İyun , 2016 10:33
Boksçu Teymur Məmmədovun olimpiadada Azərbaycan yığmasının bayraqdarı olmasının detalları açıqlanıb

Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycan boksçusu Teymur Məmmədovun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında ölkə yığmasının bayraqdarı olmasının səbəbi açıqlanıb.

Bu barədə "Report"a Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin rəisi, "Rio-2016"da Azərbaycanın şef de-missionu İlham Mədətov məlumat verib.

Onun sözlərinə görə, seçim 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi, sərbəst güləşçi Toğrul Əsgərovla Teymur Məmmədov arasında aparılıb. Sonda iki amilə əsasən, Məmmədova üstünlük verilib: "Əslində daha çox variantımız var idi. Amma əsas müzakirələr bu iki idmançı üzərində getdi. Çünki onların titul və medalları digərlərinə nəzərən daha çox idi. Əsgərov olimpiya və Avropa çempionu, eləcə də "Bakı 2015" I Avropa Oyunlarının qalibi olmuşdusa, Teymur Məmmədov bütün yarışlarda medal qazanıb. O, Avropa çempionu və "Bakı 2015"in qalibi, London olimpiadasının, eləcə də 2 dəfə dünya, 1 dəfə qitə çempionatının mükafatçısı olub. Digər tərəfdən, boksçular Rio-de-Janeyroya hamıdan tez gedəcəklər. Onlar ABŞ-da təlim-məşq toplanışı keçdikdən sonra Braziliyaya yollanaraq, Olimpiya Kəndində yerləşəcəklər. Boksçuların döyüşləri də Açılış Mərasiminin ertəsi - avqustun 6-da başlayacaq. Güləşçilər isə mübarizəyə avqustun 14-dən start verəcəklər".

İ.Mədətov bildirib ki, əslində Məmmədovun olimpiadaya lisenziya qazandığı iki gün öncədən məlum imiş. Çünki Bakıdakı Dünya Təsnifat Turnirində 1/4 finaldakı rəqibi, mərakeşli Hassan Saad əvvəlki görüşündə zədələndiyindən, onunla döyüşə buraxılmayıb. Bunu nəzərə alan nazir Azad Rəhimov bayraqdarın adını ötən gün açıqlayıb. Şef de-mission bu seçimin digər idmançılar tərəfindən də normal qarşılandığını vurğulayıb.

Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları 5 - 21 avqustda keçiriləcək.    

Son xəbərlər

Orphus sistemi