Yuxarı

İrana olimpiadada tarixi medal qazandıran qadın taekvondoçu azərbaycanlıdır

Kimya Əlizadənin bürünc medalı qızıla bərabər sayılıb

Bakı. 29 avqust. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bürünc medal qazanmış İranın milliyyətcə azərbaycanlı taekvondoçusu Kimya Əlizadə tarixi nailiyyətə imza atıb. "Report"un məlumatına görə, 18 yaşlı idmançı ölkəsinin ilk qadın olimpiya medalçısı olub.

57 kq çəki dərəcəsində yer alan Əlizadənin bu uğuru İranda qızıl medala bərabər tutulub. Nəticədə olimpiya çempionu üçün nəzərdə tutulan 10 min dollar mükafatın ona da veriləcəyi vəd olunub. İran prezidenti Həsən Ruhani qadın taekvondoçuya müraciətində onun bütün iranlılara, xüsusən, qadınlara xoşbəxtlik bəxş etdiyini bildirib. Ölkənin dini lideri Ayətullah Xamenei isə iranlı qadın idmançının "Xanımlar üçün şərəfli hicab geyimi"ni hamıya nümunə göstərdiyini bildirib. Xarici işlər nazirinin müavini Hüseyn Cabiri Ansari isə bürünc medal qazanan digər hicablı, misirli Hidayə Mələyi də təbrik edərək, onları müsəlman dəyərlərinə hörmət edən qadınların birlik və güc simvolu adlandırıb.

Qeyd edək ki, Kimya Əlizadə 10 iyul 1998-ci ildə İranın Karac şəhərində azərbaycanlı ailəsində dünyaya gəlib. Onun atası Təbriz yaxınlığındakı Zunuz əyalətindən, anası isə Ərdəbildəndir. Əlizadə əvvəllər Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında və dünya çempionatında qızıl, böyüklər arasında dünya çempionatında isə günüş medal əldə edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi