​Azərbaycan velosipedçisi "Rio-2016"ya lisenziya qazanıb

​Azərbaycan velosipedçisi "Rio-2016"ya lisenziya qazanıb UCİ Milli Olimpiya Komitəsinə və Azərbaycan Velosiped İdmanı Federasiyasına təsdiq məktubu göndərib
Fərdi
2 İyun , 2016 11:08
​Azərbaycan velosipedçisi Rio-2016ya lisenziya qazanıb

Bakı. 2 iyun. REPORT.AZ/ Azərbaycanın şose velosipedi üzrə yığma komandasının üzvü Yelena Pavluxina 2016-cı il Rio-de-Janeyroda Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Azərbaycan Velosiped İdmanı Federasiyasından (AVİF) "Report"a verilən məlumata görə, bununla bağlı Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) tərəfindən Milli Olimpiya Komitəsinə və AVİF-ə təsdiq məktubu göndərilib.

Y.Pavluxina 4 illiyin zirvə yarışında ölkəmizi qadınlar arasında qrup yarışlarında təmsil edəcək.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, qadın velosipedçilər Yay Olimpiya Oyunları keçirilən il mayın 31-dək klub və yığma səviyyəsində yarışlarda iştirak etməklə olimpiadaya lisenziya xalları toplayırlar. 2015 - 2016-cı illərdə Avropa və Asiyada bir sıra yarışlarda uğurla çıxış edən Yelena Pavluxina ümumilikdə 149 lisenziya xalı toplayıb ki, bu da Rio-de-Janeyroda qrup yarışlarında mübarizə aparacaq 67 velosipedçi sırasına düşmək üçün yetərli olub.

Bununla da Azərbaycan velosipedçilərinin olimpiadaya qazandıqları lisenziyaların sayı 4-ə çatıb. Maksim Averin və Yelena Pavluxina Braziliyada şose velosipedinin qrup yarışlarında, Olqa İsmayılova isə trek velosipedinin sprint və keyrin növlərində ölkəmizin idman şərəfini qorumaq hüququ əldə ediblər.

Son xəbərlər

Orphus sistemi