Yuxarı

Azərbaycanın iki taekvondoçusu Olimpiadanın yarımfinalına yüksəlib - YENİLƏNİB

Milad Beigi Harçeqani və Fəridə Əzizova 1/4 finalda üstün döyüş nümayiş etdiriblər

Bakı. 19 avqust. REPORT.AZ/ Azərbaycanın iki taekvondoçusu 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının yarımfinalına yüksəlib.

"Report"un məlumatına görə, ilk olaraq Milad Beigi Harçeqani 1/4 final görüşünə çıxıb.

İranlı legionerin rəqibi son dünya çempionu, həmyerlisi Mehdi Xudabəxşi olub. İlk raudda 3:0 hesabı ilə qalib gələn Harçeqani ikinci hissədə fərqi 5-ə çatdırıb - 10:5. Üçüncü raundda isə hesab 17:5 olduğundan Azərbaycan təmsilçisi vaxtından əvvəl növbəti mərhələyə yüksəlib.

Milad Beigi Harçeqaninin yarımfinalda rəqibi böyük britaniyalı Muhammad Lutalo olacaq.

Daha sonra tatami üzərinə qadın taekvondoçu Fəridə Əzizova çıxıb. 67 kq. çəki dərəcəsində çıxış edən Əzizovanın 1/4 finalda rəqibi özbək Nigora Tursunkulova olub.

İlk raudda Tursunkulova minimal hesabla qalib gəlsə də, ikinci hissədə Azərbaycan təmsilçisi ardıcıl 4 xalla önə keçib. Sonuncu raundda daha 1 xal qazanan Əzizova adını yarımfinala yazdırıb.

Qeyd edək ki, növbəti mərhələdə Fəridə Əzizovanın rəqibi Hyeri Oh (Cənubi Koreya) - Çia-Çia Çuanq (Taypey) döyüşünün qalibi olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi