Yuxarı

​"Rio-2016": Azərbaycan tarixdə ilk dəfə taekvondoda olimpiya medalı qazanıb - YENİLƏNİB

Patimat Abakarova çinli rəqibinə qalib gəlib

Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən taekvondoçu Patimat Abakarova bürünc medal uğrunda həlledici görüşə çıxıb. 

"Report"un məlumatına görə, 49 kq çəki dərəcəsində yer alan 22 yaşlı idmançı fransalı Yasmin Azizlə üz-üzə gəlib. Görüşün ilk iki hissəsində Abakarova xallar qazanaraq, 3:1 hesabı ilə önə çıxıb. Üçüncü raundda isə o daha 3 xal qazanıb və 6:1 hesabı ilə qalib gəlib. Son saniyələrdə tərəflər hərəyə bir xalla kifayətlənib - 7:2. Beləliklə, Patimat Abakarova Azərbaycan tarixində ilk dəfə olimpiya medalına yiyələnib. Əvvəlki 3 olimpiadada bunu əldə etmək mümkün olmayıb. Abakarova tarixi nailiyyətə bürünc medalla qovuşub.

Qeyd edək ki, bu, "Rio-2016"da 7-ci medal olub. Daha öncə cüdoçu Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq), eləcə də qadın güləşçi Mariya Stadnik (48 kq) gümüş, yunan-Roma güləşçiləri Rəsul Çunayevlə (66 kq) Sabah Şəriəti (130 kq), eləcə də kayakçı İnna Osipenko-Radomskaya (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə) bürünc medal qazanıb.



***03:14

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən taekvondoçu Patimat Abakarova bürünc medal uğrunda ilk təsəlliverici görüşə çıxıb.

"Report"un məlumatına görə, 49 kq çəki dərəcəsində yer alan 22 yaşlı idmançı çinli ikiqat olimpiya çempionu Jinqyu Vu ilə qarşılaşıb.

Görüşün sonlarınadək Abakarova geridə olsa da, axırıncı saniyələrdə qələbəni əldən verən qadın güləşçilər Mariya Stadnik və Yuliya Ratkeviçdən fərqli olaraq, başa zərbə ilə qalib gələ bilib - 4:3.

O, növbəti döyüşdə fransalı rəqibi Yasmin Azizi də yensə, Azərbaycan taekvondosu tarixində ilk dəfə olimpiya medalına yiyələnəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi