Elmar Qasımov Rio Olimpiadasında Azərbaycana gümüş medal qazandırıb - YENİLƏNİB-4

Elmar Qasımov Rio Olimpiadasında Azərbaycana gümüş medal qazandırıb - YENİLƏNİB-4 O, finalda polşalı rəqibinə məğlub olub
Fərdi
12 Avqust , 2016 00:28
Elmar Qasımov Rio Olimpiadasında Azərbaycana gümüş medal qazandırıb - YENİLƏNİB-4

Bakı. 12 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Elmar Qasımov final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 100 kq. çəki dərəcəsində çıxış edən 26 yaşlı idmançının rəqibi çexiyalı Lukas Krpalek olub.

Görüş Krpalekin qələbəsi ilə yekunlaşıb. Bərabər səviyyədə keçən görüşün sonlarında Qasımov fənd tətbiq etmək istəyərkən, özü əks-fəndlə ippona düşüb və məğlubiyyətə uğrayıb.

Bununla da Azərbaycan cüdoçusu 2009-cu ildə Ermənistanın paytaxtı İrəvanda 23 yaşadək cüdoçular arasında Avropa çempionatının finalında yendiyi rəqibinə uduzaraq, gümüş medalla kifayətlənib.

Bu, Azərbaycanın "Rio-2016"da ikinci medalı olub. Daha öncə Rüstəm Orucov (73 kq) da gümüş medala sahib olub.

***23:21/11 avqust

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Elmar Qasımov finala yüksəlib.

"Report"un məlumatına görə, 26 yaşlı idmançı yarımfinalda ukraynalı Artyom Bloşenkonu məğlub edib.

Görüşün əvvəlində Bloşenkoya xəbərdarlıq edilib. 2 dəqiqə 37 saniyənin tamamında isə Qasımov rəqibini ipponla məğlubiyyətə uğradıb.

Finalda Elmar Qasımovun rəqibi yarımfinalda fransalı Siril Mareyə qalib gələn Lukas Krpalek (Çexiya) olacaq. Final görüşü Bakı vaxtı ilə saat 00.01-də keçiriləcək.

Qeyd edək ki, idmançı finala çıxmaqla özünə artıq gümüş medalı təmin etmiş olub.

 ***19:36

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Elmar Qasımov 1/4 final görüşünə çıxıb. 

"Report"un məlumatına görə, rəqib misirli Ramadan Darviş olub. 

Görüş cəmi 58 saniyə davam edib. Qasımov ipponla qələbə qazanaraq yarımnfinala yüksəlib. 

Finala gedən yolda onun rəqibi ukraynalı Artyom Bloşenko olacaq.

*** 19:07

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Elmar Qasımov 1/8 final görüşünə çıxıb.

"Report"un məlumatına görə, rəqib əlcəzairli Layeş Buyakub olub. Görüşün əvvəllərində hakim L.Buyakuba passiv mübarizə aparması səbəbindən iki dəfə xəbərdarlıq edib. Görüşü xilas etmək istəyilə irəli atılan əlcəzairli cüdoçu vazari fəndi ilə üzləşib. O, sonradan eyni fəndi özü tətbiq etsə də, E.Qasımov rəqibinin cərimə xallarının çoxluğu hesabına 1/4 finala yüksəlib. 

Qeyd edək ki, Azərbaycan cüdoçusunun növbəti rəqibi Ramadan Darviş (Misir) olacaq.

*** 17:27

Azərbaycan cüdoçusu Elmar Qasımov Rio-de-Janyeroda keçirilən XXXI Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb. 

"Report"un məlumatına görə, 100 kq çəkidə mübarizə aparan idmançımızın rəqibi rusiyalı Taqir Xaybullayev olub.

E.Qasımov Avropa (2009), dünya (2011) və olimpiya çempionuna (2012) vaza-ari və yuko ilə qalib gəlib. Bundan başqa, Qasımov bir, Xaybullayev isə iki cərimə xalı "qazanıb".

Azərbaycanlı cüdoçu 1/8 finalda İvan Remarenko (BƏƏ) - Lyes Bouyakoub (Əlcəzair) cütünün qalibi ilə görüşəcək. 

E.Qasımov növbəti görüşünü saat 18:38-də keçirəcək.

Son xəbərlər

Orphus sistemi