Yuxarı

Yenidən istifadəyə verilən "İmamzadə" dini kompleksində ilk cümə namazı qılınıb - FOTOREPORTAJ

Kompleks istifadəyə verilən gündən bura ölkənin bir çox şəhər və rayonlarından yüzlərlə ziyarətçi gəlib

Bakı. 20 fevral. REPORT.AZ/ Yenidən istifadəyə verilən "İmamzadə" dini kompleksində ilk cümə namazı qılınıb. "Report"un məlumatına görə, ilk olaraq azan verilib, iki namaz arasında xütbə oxunub. Cümə xütbəsindən sonra məscidə toplaşanlar dua ediblər.

Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Tahir Abbasovun sözlərinə görə, kompleks istifadəyə verilən gündən bura ölkənin bir çox şəhər və rayonlarından yüzlərlə ziyarətçi gəlib.

Xatırladaq ki, Prezidenti İlham Əliyev fevralın 17-də Gəncədə “İmamzadə” dini kompleksində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Qeyd edək ki, dini kompleksdə yenidənqurma və abadlıq işlərinə 2010-cu ilin mayında başlanılmışdı. Binada xəttatlıq və kaşı materialları ilə üzləmə işləri yüksək sənətkarlıqla yerinə yetirilib. Ziyarətçilərin ixtiyarına dini kitabxana, konfrans zalı, muzey də verilib. Ziyarətgahda qədimliyi saxlamaq şərtiylə hündürlüyü 45 metr olan iki minarə, iki namaz zalı və ziyarət zalı tikilib.

Kompleksdə dini ayinlər üçün Hüseyniyyə və Zeynəbiyyə ibadət zalları var. Günbəzlərin interyeri yağlı boya ilə nəbati naxışlarla işlənib, eksteryeri isə kərpiclə dekorativ şəkildə örtülüb.

VIII əsrə aid tarixi memarlıq abidəsi - xalq arasında “Göy günbəz”, “Göy məscid”, yaxud “Göy İmam” kimi tanınan “İmamzadə” kompleksi Gəncə şəhərinin və bütövlükdə ölkəmizin ən dəyərli memarlıq abidələrindən biri hesab edilir. Bu kompleksin ən qiymətli abidəsi türbədir. Burada beşinci imam Məhəmməd Baqirin oğlu İbrahim dəfn olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi