"Yanğınsöndürən hadisə yerinə uzaqbaşı 5 dəqiqəyə çatmalıdır" - VİDEOREPORTAJ

"Yanğınsöndürən hadisə yerinə uzaqbaşı 5 dəqiqəyə çatmalıdır" - VİDEOREPORTAJ Təbii ki, hər peşənin öz çətinliyi var. Ancaq öz həyatlarını təhlükəyə ataraq digər insanları xilas edəcək qədər çətin və məsuliyyətlisi hər halda yoxdur. Əlbəttə, söhbət yanğınsöndürənlərdən, sözün əsl mənasında, həyatları odun-alovun içində keçənlərdən gedir.
Multimedia
278
21 Fevral , 2020 09:24
Yanğınsöndürən hadisə yerinə uzaqbaşı 5 dəqiqəyə çatmalıdır - VİDEOREPORTAJ

Təbii ki, hər peşənin öz çətinliyi var. Ancaq öz həyatlarını təhlükəyə ataraq digər insanları xilas edəcək qədər çətin və məsuliyyətlisi hər halda yoxdur. Əlbəttə, söhbət yanğınsöndürənlərdən, sözün əsl mənasında, həyatları odun-alovun içində keçənlərdən gedir.

“Report”un əməkdaşı Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail rayon yanğından mühafizə hissəsinə gedib, yanğınsöndürmə işinin təşkili, çağırışa çıxmaq üçün hazırlıqlarla yaxından tanış olub.

Səbail Rayon Yanğından Mühafizə Hissəsinin rəis müavini Zaur Əlisgəndərov deyir ki, "101" və "112" qaynar telefon xəttinə daxil olan məlumat ümumi mərkəzə düşür: "Daha sonra aidiyyəti rayonlar üzrə məlumatlar ötürülür. Rabitə məntəqəsinə zəng daxil olur və ünvan yazılır. 45 saniyə ərzində yanğınsöndürən maşınlar və şəxsi heyət həmin ünvana yola düşməyə hazır olur".

O, yanğınsöndürənlərin ərazi üzrə ən uzaq məsafəyə 5 dəqiqə ərzində çatmalı olduqlarını qeyd edir: “Ümumiyyətlə, Bakı şəhəri üzrə bütün bölmələr elə tikilib ki, yanğınsöndürən maşınlar həmin bölmənin ən uzaq nöqtəsinə, yanğın yerinə 5 dəqiqəyə qədər çatmalıdır. Tıxaca düşmək ehtimalı olduğuna görə başqa rayonlardan da maşınlar qoşulur - Nərimanov və ya Yasamal xidmətindən ola bilər. Bizim maşınımız yanğın yerinə gecikərsə, digər rayondan qoşulan avtomobil əraziyə daha tez çatacaq. Daha sonra yanğının mürəkkəbliyi nəzərə alınaraq, əlavə qüvvələr cəlb oluna bilər. Ştat sayı hər bir hissə və bölmədə fərqli olur. Bir yanğınsöndürən avtomobildə isə bir manqa olur ki, ora da 6-8 nəfər daxildir”.

Adətən, insanlar yanğınsöndürən avtomobillərin hadisə yerinə gec çatmalarından şikayətlər edirlər. Z.Əlisgəndərov bunun səbəbini mülki avtomobillərin sürücülər tərəfindən düzgün park olunmasında görür: “Bəzi yerlər var ki, sürücülər avtomobillərini həm sağda, həm də solda saxlayır. Hətta üçüncü cərgəyə də keçmə halları olur. Bu zaman eni 2,5 metr, uzunluğu 10-12 metr olan avtomobillərimizin yollardan keçməsi, hadisə yerinə çatması çətinləşir”.

Rəis müavini problemin təkcə magistral yollarda olmadığını bildirir: “Yaşayış binalarının həyətlərində də böyük problemlər olur. Baxırıq ki, bina sakinləri şəxsi avtomobillərini binanın həyətinə park ediblər. Böyük həcmli yanğınsöndürən avtomobilin orada nəinki manevr etməsi, heç məhəlləyə girməsi də mümkün olmur. Aydın məsələdir ki, yanğın işi çox çətindir. Yanğın elə bir fövqəladə haldır ki, ona əvvəlcədən proqnoz vermək mümkün deyil. Bəzən heç bir çağırış olmadığı halda, bəzən isə gündə 4-5 çağırış olur. Elə mürəkkəb yanğınlar olur ki, şəxsi heyət onun saatlarla söndürülməsi üçün var-qüvvəsi ilə çalışır. Amma bilirik ki, bizim işimiz budur və heyət hər zaman belə hala hazırdır. Bu, bizim üçün həm məsuliyyətli, həm də şərəflidir".

Qeyd edək ki, “112” qaynar xəttinə yanğın, partlayış, tikinti və sənaye sahələrində qəzalar, digər təbii və texnogen fövqəladə hallar baş verdikdə və ya yaranma təhlükəsi olduqda müraciət etmək olar. Sutkanın istənilən vaxtı sabit şəbəkə telefonlarından (ATS), bütün növ taksofonlardan və mobil operatorlardan ödənişsiz olaraq zənglər qəbul olunur və müvafiq strukturlar xəbərdar edilir.

Vaxtında edilən zənglə baş verə biləcək hər hansı bədbəxt hadisənin qarşısını almaq, qəzaya düçar olan insanları xilas etmək və maddi itkiləri azaltmaq mümkündür.

Video: Vüqar Xanlarov


Son xəbərlər

Orphus sistemi