Xüsusi təyinatlı şəhid kəşfiyyatçının xatirəsi əbədiləşdirildi

Xüsusi təyinatlı şəhid kəşfiyyatçının xatirəsi əbədiləşdirildi Onun adını daşıyan bulağın açılışı olub
Multimedia
1587
12 Dekabr , 2020 12:09
Xüsusi təyinatlı şəhid kəşfiyyatçının xatirəsi əbədiləşdirildi

Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalanlardan biri də Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) kəşfiyyatçısı və snayperçisi Zaur Saleh oğlu Kərimovdur.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, dekabrın 11-də Kürdəmir rayonunun Atakişili kəndində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və şəhidin yaxınlarının iştirakı ilə onun adını daşıyan bulağın açılışı olub.

Mərasimdə uşaqlar şeirlər səsləndirib, şəhidin ruhuna dualar oxunub.

Z.Kərimov Kürdəmir rayonunun Atakişili kəndində anadan olub. O, orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Sərhəd Qoşunlarında xidmət keçən Zaurun hərbçi olmasına valideynləri razı olmayıb. Ancaq hərbə marağı onu yenidən ordu sıralarına geri qaytarıb. Bərdə şəhərində hərbi kurs keçdikdən sonra müddətdən artıq hərbi qulluqçu (MAHHXHQ) kimi hərbi xidmətə başlayıb. Hərbi xidmətdə xüsusi fədakarlıq və şücaət göstərdiyinə görə komandirləri onu XTQ-də xidmət etməyi məsləhət görürlər. Beləcə Zaur kursu uğurla bitirərək XTQ-də xidmətə başlayır.

Sentyabrın 27-də Vətən müharibəsi başlayanda ağır döyüş tapşırıqlarını yerinə yetirmək üçün Zaur da snayper, kəşfiyyatçı kimi ön cəbhəyə yollanır, Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonları istiqamətində düşmənin xeyli sayda canlı qüvvəsini, texnikasını məhv edir. Sonuncu dəfə Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq şəhidlik zirvəsinə ucalır. Onun nəşi oktyabrın 28-də Kürdəmir şəhərində, Şəhidlər Xiyabanında torpağa tapşırılır.

Şəhidin anası Dilşad Kərimova deyib ki, onun hərbə marağı lap uşaqlıq vaxtından başlamışdı və ən böyük arzusu Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək idi: "O, öz arzusuna çatdı. Mənimlə telefonla danışanda döyüşlərdə ilk sıralarda olduğunu gizlədirdi və hər dəfə Bakıda olduğunu deyirdi. Sonuncu dəfə telefonla danışarkən oğlumun ön cəbhədə olduğunu bildim və ona ehtiyatlı olmağı, sağ-salamat evə qayıtması üçün dua etdim".

Şəhidin vaxtilə müəllimi olmuş Sevinc Əzimova bildirib ki, Zaur uşaqlıqdan mərd, cəsur, tərbiyəli, vətənpərvər uşaq olub.

Qardaşı Anar Kərimov isə Zaurla fəxr etdiyini və qürur duyduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi