Vətən müharibəsi şəhidi Şahgündüz Cabbarovun anım mərasimi keçirilib

Vətən müharibəsi şəhidi Şahgündüz Cabbarovun anım mərasimi keçirilib Oktyabrın 26-da Bakıda Vətən müharibəsi şəhidi Şahgündüz Cabbarovun anım mərasimi keçirilib.
Multimedia
26 Oktyabr , 2021 16:10
Vətən müharibəsi şəhidi Şahgündüz Cabbarovun anım mərasimi keçirilib

Oktyabrın 26-da Bakıda Vətən müharibəsi şəhidi Şahgündüz Cabbarovun anım mərasimi keçirilib.

"Report" xəbər verir ki, mərasimdə Milli Məclisdə Laçın rayonunu təmsil edən deputat Mahir Abbaszadə, Xəzər və Laçın Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları Binə Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət ediblər.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib. Çıxış edənlər Şahgündüz Cabbarovun döyüş yolundan danışıblar, onunla bağlı xatirələrini bölüşüblər.

Şəhidin atası Habil Cabbarov “Report”a bildirib ki, övladının döyüş yolu Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Xocavənddən keçib: “Şahgündüz oktyabr ayının 25-də Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Həmin ərazidə Şahgündüzün 27 silahdaşı şəhid olub”.

“Cavan yaşda qardaş itkisi ağırdır, amma əsas odur ki, 30 ildir işğal altında olan torpaqlarımız azadlığa qovuşub” - bu sözləri isə şəhid Şahgündüz Cabbarovun qardaşı Ülvi Cabbarov deyib.

Onun sözlərinə görə, qardaşı müharibəyə könüllü gedib və Xüsusi Təyinatlı Qüvvələrin sıralarında döyüşlərə qatılıb.

Qeyd edək ki, Şahgündüz Cabbarov 1995-ci il yanvarın 13-də Bərdənin Mollalı kəndində anadan olub. Rayonun Meşəçilik qəsəbəsində yerləşən Laçın rayon tam orta məktəbində təhsil alıb. O, 2012-ci ildə məktəbi bitirib.

Həmin il Azərbaycan Dövlət Neft Akademiyasının (ADNSU) Qaz-neft və mədən fakültəsinə qəbul olunub. Bakalavr təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb.

2016-2017-ci illərdə o zaman ön xətdə yerləşən postlardan birində həqiqi hərbi xidmətdə olub. Xidmət vaxtı yüksək hərbi nizam-intizam nümayiş etdirdiyinə, döyüş və ictimai-siyasi hazırlıqda fərqləndiyinə görə hərbi birliyin komandiri general-mayor Mais Bərxudarov tərəfindən Fəxri fərmanla təltif edilib.

Cabbarovlar ailəsi əslən Laçın rayonunun Oğuldərə kəndindəndirlər. 1992-ci ildə doğma yurdlarından didərgin düşəndən sonra Bərdə rayonuna pənah gətiriblər. Ailə 2016-cı ildə Bakıya köçüb, Qala qəsəbəsində SOCAR-ın balansında olan inzibati binada məskunlaşıb.

2018-ci ildə SOCAR-da qazmaçı vəzifəsində işə qəbul olunub.

Laçından ağız dolusu, həsrətlə danışırmış, o yerlərə qayıtmaq, ata-baba yurdunu görmək, o dağlarda gəzmək, saz çalmaq ən böyük arzusu idi.

Vətən müharibəsi başlayan kimi könüllü olaraq döyüşə yollanıb, torpaqlarımızın işğaldan azad olunmasında qəhrəmanlıqlar göstərib. Oktyabrın 25-də şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Şahgündüz Cabbarov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Operator: Vüqar Xanlarov

Montajçı: Səbuhi Məmmədov

Son xəbərlər

Orphus sistemi