Tullantını enerjiyə çevirən və əl əməyindən istifadə olunmayan zavoddan - REPORTAJ

Tullantını enerjiyə çevirən və əl əməyindən istifadə olunmayan zavoddan - REPORTAJ Zavod atmosferə qətiyyən zərərli maddə atmır, tullantılar xüsusi vasitələrlə tam zərərsizləşdirilir
Multimedia
589
7 Sentyabr , 2017 16:39
Tullantını enerjiyə çevirən və əl əməyindən istifadə olunmayan zavoddan - REPORTAJ
Report/ Orxan Əzim

Bakı. 7 sentyabr. REPORT.AZ/  Balaxanıdakı Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu artıq 5 ildir fəaliyyət göstərir. Müəssisə ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə yaradılıb.

İqtisadiyyat Nazirliyinin sifarişi ilə Fransanın “Cnim” şirkətinin inşa etdiyi zavod istehsal gücünə görə Şərqi Avropada və MDB məkanında bu tipli ən iri müəssisədir. Dördüncü nəsil 4G texnologiyasının tətbiqi ilə qurulan zavod Avropa İttifaqının ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verir.

“Report”un əməkdaşı zavodda olub, onun fəaliyyəti ilə maraqlanıb. 

Müəssisə ilə tanışlıq zamanı bələdçiliyi isə "Təmiz şəhər" ASC-nin sektor müdiri Elmar Məlikov edib.

Atmosferə qətiyyən zərərli maddə atılmır

Zavodun yaradılmasının məqsədi tullantının kütləsini azaltmaqdır. Çünki yanandan sonra tullantıların həcmi 10 dəfələrlə, kütləsi isə 3 dəfədən çox azalır. Müəssisə atmosferə qətiyyən zərərli maddə atmır, tullantılar xüsusi vasitələrlə tam zərərsizləşdirilir. İl ərzində təxminən 500 min ton tullantı yandırılır, paralel olaraq isə bu proses nəticəsində elektrik enerjisi alınır. Amma bəzilərinin düşündüyü kimi, tullantılarının yandırılması zavodunun məqsədi məhz enerji istehsal etmək deyil, məqsəd ekologiyanı qorumaq və tullantıları yandıraraq zərərsizləşdirməkdir.

Tullantılar 800 dərəcədə yanır. Yanma prosesində tullantı yanan və yanmayan hissələrə ayrılır. Yanmış tullantıdan metallar, bir də 2 növ kül ayrılır: uçan və dib külü.

İxrac olunan tullantı qalıqları

Yanma zamanı əmələ gələn tüstü külü xüsusi süzgəclərlə yığılır. Daha ağır və zərərsiz olan dib külü sonradan emal olunur, iri daşlar, metallar ayrılandan sonra, ələnmiş dib külü alınır. Bundan isə yol tikintisində istifadə edilir. Yolun alt qatı üçün ideal vasitə hesab olunur. Azərbaycanda hələ geniş istifadə olunmasa da, daxili yolların, kənd qəsəbə yollarının tikintisində bu vasitədən də yararlanılır.  

Uçan kül isə filtirlər vasitəsi ilə Sumqayıtdakı təhlükəli tullantılar paliqonuna aparılır, orada basdırılır. Bunlar təhlükəli tullantılar da adlanır.

Yandırılmış tullantının içərisindən ayrılan metal qırıntıları isə təkrar emala göndərilir.

Bir şəhəri elektrik enerjisi ilə təmin edə biləcək zavod

Zavodun istehsal etdiyi elektrik enerjisinin 15 faizi ilə müəssisənin ehtiyacları ödənilir, yəni zavod hazırda öz istehsal etdiyi enerjinin hesabına işləyir. İstehsal olunmayan enerji isə ixrac olunur. Enerjinin 85 faizi isə " Azərenerji" ASC-yə satılır.

"Təmiz şəhər" ASC-nin şöbə müdiri Elmar Məlikov deyir ki, yanan tullantılardan alınan enerji Gəncə böyüklüyündə şəhəri il boyu elektrik enerjisi ilə təmin edə bilər.

"Təmiz Şəhər"də Bərk Məişət Tullantılarının utilizasiyası şöbəsinin müdir müavini Kərimov Arif isə zavod haqqında geniş məlumat verdi. Belə ki, şirkət istirahət günü olmadan 7 gün 24 saat işləyir, 8 saatdan bir isə növbə dəyişir. Zavodda 86 nəfər işçi var ki, onların 4 nəfəri xarici vətəndaşdır. Normalda isə əməliyyat komandası 5 nəfərdən ibarət olur. Onlar ən zəruri, əvəzedilməz vəzifələrdə işləyirlər. Zavodda sistem tam avtomatlaşdırılıb, bu səbəbdən də əl əməyindən istifadə olunmur.

Yayda tullantılar sulu və ağır olur

Müəssisə nümayəndələri deyirlər ki, yay fəslində tullantılar ağır və sulu olur, bunun da əsas səbəbi vətəndaşların istehlak etdikləri qarpız və yemişdir. Ona görə də əvvəlcə onun suyu süzülür sonra yandırılır. Oktyabr ayından başlayaraq isə süzülmə prosesinə ehtiyac qalmır.

Tullantıların yığılması və daşınmasına görə Bakının icra hakimiyyətləri məsuliyyət daşıyır. "Təmiz Şəhər" ancaq tullantıların qəbulu və zərərsizləşdirilməsi ilə məşğul olur. 

İdarəetmə otağı

İdarəetmə otağında əsas heyət işləyir. Burada müşahidə kameralarının görüntülərinə nəzarət olunur, yəni tullantıların gətirilməsi, tökülməsi, yandırılması prosesi bütövlükdə izlənilir.

Bu otaqda olan geniş böyük pəncərələrdən isə prosesi canlı izləmək olur, yəni necə zibil daşıyan maşınlar gəlir, tullantını əraziyə boşaldır və s.

Tullantını götürən, köhnə yeni tullantını qarışdıran qurğu da bu otaqdan idarə edilir.

Ekskursiyalar

Hər həftənin 4-cü günü zavoda ekskursiyalar təşkil olunur. Orta və ali məktəblərin rəhbərliyi quruma yazılı müraciət edir və kollektiv şəkildə gəlib prosesi canlı izləyirlər.

Foto: Orxan Əzim

Son xəbərlər

Orphus sistemi