Yuxarı

Tofiq Bəhramov stadionunun göyərçinləri - FOTOREPORTAJ

Fərman Əlizadə: Ot örtüyü gündən-günə bərpa olunur

Bakı. 4 avqust. REPORT.AZ/ Tofiq Bəhramov adına Respublika Stadionunun meydançası göyərçinlərin məskəninə çevrilib. Buna "Report"un əməkdaşları stadionda müşahidə aparmaq istərkən şahid olub.

Amma göyərçinlərin stadiona xoş müjdə, toxumları dənləmək, yoxsa zərərvericilərlə qidalanmaq üçün gəldiyini demək çətindir. Ən azı ona görə ki, əməkdaşımızın stadionda müşahidə aparmasına icazə verilməyib. Əvəzində "gizli çəkiliş" nəticəsində aysberqin görünməyən tərəfi ortaya çıxıb.

Demək olar ki, meydançanın sarı rəngə boyanmayan hissəsi yoxdur. Əsasən də VİP tribunalardan baxdıqda meydançanın sol tərəfinin daha çox zərər çəkdiyi görünür. Ot örtüyünün bərpası üçün iş getsə də, qazonun oyuna qədər tam hazır olması mümkünsüzdür. Belə olan halda komandalar meydanda istədikləri oyunu sərgiləməkdə çətinlik çəkəcəklər. 

Avqustun 5-də bu arenada "Qarabağ" Şotlandiya "Seltik"i ilə Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündə üz-üzə gələcək. Qarşılaşmanın start fiti saat 21:30-da səslənəcək. İlk görüşdə Azərbaycan təmsilçisi meydanı minimal hesablı məğlubiyyətlə tərk edib - 0:1. "Qarabağ" mərhələ adlamaq üçün ya eyni hesablı qələbə ilə penalti seriyasında, ya da 2 top fərqi ilə qalib gəlməlidir. Lazımi nəticəyə nail olmaqda meydanın durumu da az rol oynamayacaq.  

Stadiona qulluq edən FSM şirkətinin icraçı direktoru Fərman Əlizadə "Report"a bildirib ki, artıq meydanın ot örtüyü əvvəlki günlərlə müqayisədə müsbətə doğru dəyişir: "İsti hava şəraiti ilə əlaqədar ot örtüyündə saralma başlamışdı. Biz də bunu aradan qaldırmağa çalışırıq. Ot örtüyü gündən-günə bərpa olunur. "Seltik" nümayəndələri də stadionda olublar və oyunun keçirilməsinə mane olan heç bir problem aşkarlamayıblar".   

Qeyd edək ki, 2014/2015 mövsümündə "Neftçi" klubu Avropa Liqasının "pley-off" mərhələsində eyni aqibətlə üzləşib. Flaqman mərkəzi arenada Serbiyanın "Partizan" klubu ilə cavab görüşündə ot örtüyünün bərbad hala düşməsi səbəbindən lazımi nəticəni qazana bilməyib və mübarizəni dayandırıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi