Yuxarı
    Bağlamaq

    Telefonçu qız: “Əsəbləşən, qışqıran, hətta söyən abunəçiləri də sonacan dinləyirik” - PEŞƏ BAYRAMI

    “Bizə elçi düşən abunəçilər də olur...”

    “Alo. Salam... Operator Sizi eşidir

    Bakı. 6 dekabr. REPORT.AZ/ “Alo. Salam. 155 Çağrı Mərkəzidir. Operator Vüsalə Əhmədova Sizi eşidir”. Qəhrəmanımız Vüsalə Əhmədova gün ərzində təxminən 200 dəfədən çox bu mətni təkrarlayır. O, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin “Çağrı Mərkəzi”ndə operator vəzifəsində çalışır. Vüsalə xanımdan müsahibəni dekabrın 6-da götürməyimizin də səbəbi var. Axı bu gün Rabitə və İnformasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır. Beləliklə, “Report”un rabitəçilərin peşə bayramı münasibəti ilə hazırladığı yazını təqdim edirik.

    Bakı şəhərinin abunəçiləri “155 xidməti”ni yığanda zənglər Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin “Çağrı Mərkəzi”nə, yəni “Operator otağı”na gəlir. Onlarda bu xidməti dəstəkləyən kompüter proqramları var. Otağa daxil olan zəngin bütün göstəriciləri bu proqramda göstərilir. Telefon nömrəsi, obyektin yerləşdiyi ərazi, telefonun sahibi qeyd olunur. Operator qızlar zəngi qəbul edirlər, problemin həll olunmasına yardımçı olurlar. Sorğu operativ emal olunaraq birbaşa müvafiq struktur bölmələrinə yönləndirilir.

    Telefonçu qız

    “155 xidməti”nin ümumilikdə 10 operatoru var. Onların hamısı xanımdır. İşçilər həftədə 5 gün, hər gün 9 saat işləyirlər. “Çağrı Mərkəzi”nin operatorlarından biri də Vüsalə Əhmədovadır. O, 9 ildir bu peşə ilə məşğuldur və sənətini çox sevir.

    V.Əhmədova ixtisasca müəllimdir, bu peşəyə gəlməyi təsadüfi olub: “Mən ingilis dili müəllimiyəm. Naxçıvanda müəllimə işləmişəm. Sonra təsadüfən bu peşəyə gəldim, tez bir zamanda bu peşənin sirlərini öyrəndim. Operator işləmək maraqlıdır, düşünürəm ki, bundan sonra başqa yerdə işləyə bilmərəm. Hətta qız övladımın da bu sahədə çalışmasını istəyirəm”.

    Gündəlik iş rejimindən danışan operator işin hər gün səhər 9-da başladığını deyir: “Əsas işimiz zəngləri, sifarişləri qəbul etməkdir. “Çağrı Mərkəzi”nə şikayət, təmir, internet, şəbəkədə yaranan hər hansı problem kimi müxtəlif növ müraciətlər daxil olur. Müraciətləri qəbul edib, aidiyyəti bölmələrə yönləndiririk. Onlar gün ərzində abunəçilərin problemlərini həll edir və bizə məlumat ötürür. Müraciətlərin əksəriyyəti həmin gün öz həllini tapır”.

    Gün ərzində "155 xidməti"ndə 2000-3000 zəng qəbul olunur

    “Çağrı Mərkəzi”nin hər operatoru gün ərzində 200-300 arası zəng qəbul edir. Bu da gündəlik 2-3 min zəng deməkdir. Həmin zənglərin arasında narazı, şikayət edən abunəçilər də olur.

    Müsahibimiz narazı olan bütün abunəçiləri razı şəkildə yola saldıqlarını deyir: “Bəzən abunəçilərdən əsəbləşən, qışqıran, hətta söyən də olur. Bəzən əsəbləşəndə müştəri deyir ki, “harda oturursunuz, yerinizi deyin ora gələcəm”. Amma biz istənilən halda, əsəbi, yorğun olsaq da müştərini sona qədər dinləyirik və susuruq. Bizim işimiz problemi həll etməkdir, mübahisə etmək deyil. Bizim üçün əsas müştəri məmnuniyyətidir. Bəzən olur ki, narazı abunəçimiz müəyyən vaxtdan sonra zəng edib üzr istəyir “bağışlayın, bayaq əsəbi oldum, hirsləndim, yaxşı danışmadım” – deyir.

    "Soyuducu təmir edirsiniz?"...

    Vüsalə Əhmədova "155 xidməti"nə daxil olan, amma onlara aid olmayan bəzi zəngləri təbəssümlə xatırlayır: "Zəng edib “Paltaryuyan maşının krediti neçəyədir?” “Soyuducu təmir edirsiniz?” “Bura su idarəsidir?” – kimi suallar ünvanlayırlar. Zəng edib saatı da soruşan olur. Bizim xidmət dairəmizə aid olmasa da, müraciət edən şəxsə lazımi orqanı tapmaqda kömək edirik”.

    Xidmət iki dildə aparılır: Azərbaycan və rus dilində. Müsahibimiz deyir ki, rusdilli abunəçiləri daha çoxdur. Nadir hallarda ingilis dilli abunəçilərdən də zənglər daxil olur.

    Operatorun sözlərinə görə, zənglər çox olanda onlarda başağrısı, əsəbilik olur: “Hətta təzyiqimiz də düşür. Amma bunların heç birini abunəçiyə hiss etdirmirik. Çalışırıq abunəçilərimizin hamısı razı qalsın”.

    Təriflərlə, dualarla dolu zənglər

    Onlarla acıqlı danışan abunəçilərlə yanaşı, dua edənlər də olur: Əsasən yaşlı qadınlar “Qızım Allah səni xoşbəxt eləsin”, “Başına dönərəm, ay bala”, “Xoşbəxt ol”, “Sən nə yaxşı qızsan, adını de, nömrəni de, tez-tez zəng edəcəm sənə” kimi cümlələr işlədirlər. Hətta elçi düşənlər də olur. “Siz subaysınız, yoxsa evlisiniz” - deyə soruşurlar.

    Foto: Firi Salim

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi