Yuxarı
    Bağlamaq

    SOCAR-ın həyata keçirdiyi layihələrlə tanışlıq məqsədi ilə Sumqayıta press-tur təşkil edilib - FOTOREPORTAJ

    Jurnalistlər Sumqayıt Kimya Sənaye Parkı ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində tikilən qurğularla tanış olublar© Report.az

    Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunan iclasında SOCAR-ın Sumqayıtda həyata keçirdiyi layihələrin icrası ilə bağlı müsbət fikirlər söyləyib, sahibkarlara tövsiyələr verib. 

    "Report" xəbər verir ki, həmin layihələr çərçivəsində görülən işlər və layihələrin cari statusu ilə tanışlıq məqsədilə aprelin 13-də respublikanın bir sıra aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri üçün Sumqayıta press-tur təşkil olunub.

    Əvvəlcə “Azərikimya” İB-yə gələn media nümayəndələri İstehsalat Birliyinin Etilen-polietilen zavodunda istehsalat sahələri və əsas qurğularla tanış olub, aparılan yenidənqurma işləri haqqında onlara ətraflı məlumat verilib. Qeyd olunub ki, “SOCAR Polymer” layihəsi çərçivəsində Sumqayıt Kimya Sənaye Parkında polipropilen və yüksək sıxlıqlı polietilen qurğularının inşa olunması bu qurğuları xammalla təchiz edən Etilen-polietilen zavodundakı “EP-300” istehsalatında rekonstruksiya keçirilməsinə, yeni qurğu və köməkçi istehsalatların tikintisinə zərurət yaradıb. İlkin mərhələdə ”EP-300” qurğusunda məhsuldarlığın ildə 135 min tondan 190 min tona yüksəlməsi, yeni qurğuların tikilməsi hesabına hidrogenin qatılığının 90%-dən 99.9%-ə çatdırılması, idarəetmə sisteminin yeniləşdirilməsi nəzərdə tutulur. Sonrakı mərhələlərdə “EP-300” qurğusunda 4 yeni soba inşa ediləcək, butan-butilen fraksiyasının tam hidrogenləşdirilməsi qurğusu tikiləcək, selektiv hidrogenləşmə blokunun reaktorları, nəzarət-ölçü cihazları yeniləşdiriləcək, müasir rəqəmsal idarəetmə sisteminin tətbiqi başa çatdırılacaq, infrastrukturun modernizasiyası - enerji effektivliyinin artırılması, xammal və məhsul anbarlarının genişləndirilməsi, kommunikasiya xətlərinin təkmilləşdirilməsi işləri həyata keçiriləcək. Torpaq və bünövrə-hazırlıq işləri artıq tamamlanıb, geoloji və torpaq tədqiqat işləri isə yekunlaşmaq üzrədir. Ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə ictimai dinləmələr keçirilib. Mühəndislik, detallı layihələndirmə işləri davam etdirilir. Mətbuat nümayəndələrinə həmçinin SOCAR-la Avropanın ən böyük enerji şirkəti olan UNİPER (EON) tərəfindən birgə həyata keçirilən “Etilen-polietilen zavodunun Buxar və elektrik enerjisi istehsalı sahəsində yeni buxar turbogenerator qurğusunun tikintisi” layihəsi haqqında da məlumat verilib.

    Sonra KİV nümayəndələri Sumqayıt Kimya Sənaye Parkı ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində tikilən qurğularla tanış olublar. Bildirilib ki, layihə üzrə işlərin ümumilikdə 60%-i başa çatıb. Layihə iki böyük qurğunun - polipropilen və yüksək sıxlıqlı polietilen qurğusunun inşa edilməsini və ildə 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilenin istehsal olunmasını nəzərdə tutur. Polipropilen qurğusunun tikinti işləri 50% yerinə yetirilib. Bura avadanlıqların quraşdırılması, boruların çəkilməsi, dəmir-beton, elektrik və dəmir konstruksiya işləri aiddir. YSPE qurğusunun dəmir-beton, metal konstruksiya və boruların hazırlanması işləri qrafik üzrə davam edir.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin son iclasındakı çıxışında “SOCAR Polymer” layihəsinin əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Mən sahibkarların diqqətini böyük bir layihəyə cəlb etmək istəyirəm. Bu, Sumqayıt Kimya Sənaye Parkında yaradılmaqda olan “SOCAR Polymer” zavodudur. Bu, çox nəhəng sənaye müəssisəsidir, yüz milyonlarla dollar sərmayə qoyulur və çox gözəl məhsul istehsal edəcək. Bu məhsul əlbəttə həm daxildə istifadə olunacaq, həm də ixracyönümlüdür. Ancaq mən qeyd etməliyəm ki, bu xammalın əsasında çox ciddi bir sənaye sahəsi yaradıla bilər. Biz demək olar ki, indi bütün hazır plastik məhsulları xaricdən idxal edirik. Ancaq “SOCAR Polymer”in işə düşməsindən sonra Azərbaycanda hazır məhsul istehsal etmək üçün yaxşı imkanlar yaranır və bu, biznes üçün də çox gəlirli bir sahə olacaq. Ona görə də bizim dövlət qurumlarına müraciət edirəm, onlar sahibkarlara bunu daha da yaxşı başa salsınlar ki, “SOCAR Polymer”in bir çox hazır məhsulu əsasında zavodlar, fabriklər yaradıla bilər. Bu, həm yeni iş yerlərinin yaradılması deməkdir, həm də sahibkarlara əlavə gəlir gətirəcək və bizim ixrac məhsulumuz da daha böyük qiymətə xarici bazarlara çıxarılacaq. Əgər belə olmasa, “SOCAR Polymer”in məhsulu ancaq xammal kimi xaricə satılacaq. Əlbəttə, bu da yaxşı haldır, amma əminəm ki, mənim məsləhətim nəzərə alınacaq”. 

    Jurnalistlərə bildirilib ki, “SOCAR Polymer” layihəsi başa çatdıqdan sonra hazırda ölkəmizə idxal olunan bir çox istehlak malları Azərbaycan şirkətləri tərəfindən Sumqayıt Kimya Sənaye Parkında istehsal oluna biləcək. İşlərin gedişi ilə tanış olduqdan sonra press-tur iştirakçıları Karbamid zavoduna gəliblər. Burada qeyd edilib ki, müəssisənin inşası Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən həyata keçirilir. Tikintinin bu ilin sonunda yekunlaşması və zavodun 2018-ci ildə istismara verilməsi planlaşdırılır. Zavod gündəlik 1200 metrik ton ammonyak (aralıq məhsul) və 2000 metrik ton karbamid istehsal edəcək (illik təxminən 650-660 min ton). Karbamidin istehsalı üçün əsas xammal təbii qazdır və zavodda gündəlik qaz sərfiyyatının 1.1 mln. kubmetr olacağı gözlənilir. İstehsal ediləcək azot gübrəsinin ölkədaxili tələbatı tam ödəməsi və izafi məhsulun xarici bazarlara ixrac olunması nəzərdə tutulur. Layihə "Samsung" şirkəti tərəfindən həyata keçirilir. İş həcminin təxminən 94%-i artıq icra edilib. Yeraltı kommunikasiya xətləri və svay işləri sona çatdırılıb. Beton-bünövrə işlərinin təxminən 92%-i və montaj işlərinin 66%-i tamamlanıb. Karbamid zavodunun davamlı, fasiləsiz və etibarlı fəaliyyətini təmin etmək üçün SOCAR tərəfindən bütün lazımi tədbirlər həyata keçirilir.

    Press-tur Sumqayıt Kimya Sənaye Parkında yekunlaşıb. Jurnalistlərə məlumat verilib ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılan Sumqayıt Kimya Sənaye Parkının ümumi ərazisi 466,37 hektar təşkil edir. Hazırda Parkın 167,66 hektar ərazisində yeraltı infrastruktur şəbəkəsinin tikintisi, o cümlədən əsas giriş yolunun, yeraltı texniki qalereyanın, ərazidaxili qaz xəttinin, xarici su və kanalizasiya xətlərinin, kimyəvi tullantı suyu xətlərinin, ərazidaxili məişət tullantı suyu və yağış suyu şəbəkəsinin, yanğına qarşı, içməli və texniki su xətlərinin və 110/35/6.3 kV-luq yarımstansiyanın tikinti-quraşdırma işləri tamamlanıb və istismara verilib. Parkın daxili avtomobil yollarının, Peşə Tədris Mərkəzinin, ərazidaxili elektrik xətlərinin isə tikinti-quraşdırma işləri davam etdirilir. Ümumi investisiyalarının həcmi 1,2 milyard dollar təşkil edən “Azertexnolayn” MMC, “SOCAR Polymer” MMC, “AzerFloat” QSC, “Azerbaijan Fibro Cement” MMC, “Bakı Əlvan Metallar və Ferroərintilər Zavodu”, İsveçrə şirkəti “SİKA” MMC, “MST Engineering Services” MMC, “Aqrokimya Azərbaycan” MMC, “Alco Lubricant Company” MMC Parkın rezidenti statusunu alıb. Rezident-müəssisələr ABŞ, Almaniya, Avstriya, Türkiyə, Cənubi Koreya, Çin texnologiyaları əsasında işləyir.

    Sənaye Parkında istehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici bazarlara da ixrac ediləcək. Artıq Sənaye Parkının rezidenti olan “Azertexnolayn” zavodunun istehsal etdiyi məhsulun 50%-dən çoxu ixrac edilib.

    Sumqayıt Kimya Sənaye Parkında daha 5 müəssisə bu il, 2 müəssisə isə 2018-ci ildə fəaliyyətə başlayacaq. Mövcud layihələr üzrə rezidentlər tərəfindən sənaye parkında 2000-ə yaxın iş yerinin açılması nəzərdə tutulur.

    Sumqayıt Kimya Sənaye Parkının idarəedici təşkilatı İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-dir.

    KİV nümayəndələri Sumqayıtda həyata keçirilən layihələr haqqında ətraflı məlumat əldə edib, istehsalat sahələri ilə tanış olublar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi